Azərbaycan ilə Çexiyanın regionları arasında əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb
Praqa, 16 yanvar, AZƏRTAC
Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev bu ölkənin regionları ilə əməkdaşlıq əlaqələrinin inkişafı məqsədilə Cənubi Bohemiya regionunun paytaxtı Çeske Budeyovitse şəhərinə səfər edib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Cənubi Bohemiya regionunun qubernatoru xanım İvana Ştraska ilə görüşdə Azərbaycan ilə Çexiyanın regionları arasında əməkdaşlıq əlaqələrinin qurulması, iqtisadiyyat, o cümlədən qarşılıqlı investisiya layihələri, kənd təsərrüfatı, habelə balıqçılıq sahəsində işbirliyi imkanları müzakirə olunub.
Söhbət zamanı, həmçinin mədəniyyət və təhsil sahələrində münasibətlərin inkişafı perspektivlərindən danışılıb.
İvana Ştraska Azərbaycan ilə Çexiyanın regionları arasında əməkdaşlığın inkişafına töhfə verməyə hazır olduğunu məmnunluqla qeyd edib.
Görüşün sonunda əməkdaşlığın inkişafına dair ekspertlər səviyyəsində müzakirələrin davam etdirilməsi üzrə razılıq əldə olunub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa