CƏMİYYƏT
Azərbaycan ilə Gürcüstan arasında sərhəd nümayəndələrinin fəaliyyətinə dair Saziş imzalanıb VİDEO
Bakı, 13 iyun, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin dəvəti ilə Gürcüstanın Sərhəd Polisinin rəisi Teymuraz Kekelidzenin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 11-13-də ölkəmizdə səfərdə olub.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyub, xatirələrini hörmət və ehtiramla yad edib.
Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini ehtiramla yad edib.
Görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədindəki vəziyyət və onun gələcək dövrdə inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə mübarizə sahəsində qarşılıqlı əlaqələrin, dövlət sərhədinin delimitasiyası üzrə işlərin sürətləndirilməsi məqsədilə zəruri fəaliyyətin davam etdirilməsi, habelə gələcək illər üçün əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.
Müzakirələr zamanı ikitərəfli əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib, Azərbaycan və Gürcüstanın sərhəd mühafizə qurumları arasındakı əlaqələrin dövlət sərhədində hər hansı qanunsuz fəaliyyətin qarşısının alınması üzrə məsələlərin həll edilməsinə töhfə verdiyi vurğulanıb.
Bununla yanaşı, görüşdə Azərbaycan Respublikasının dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, mövcud vəziyyətin sərhəd təhlükəsizliyi üçün əsas təhdid olduğu vurğulanıb, sərhəd mühafizə sisteminin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər və qazanılmış nailiyyətlər barəsində qonaqlara ətraflı məlumat verilib.
Gürcüstan nümayəndə heyəti səfər zamanı Dövlət Sərhəd Xidməti aparatının struktur bölmələri, Sahil Mühafizəsi, DSX Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb və digər bölmələrin fəaliyyəti ilə tanış olublar.
İkitərəfli əməkdaşlığın normativ hüquqi bazasının inkişaf etdirilməsi məqsədilə nümayəndə heyətlərinin rəhbərləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd nümayəndələrinin/sərhəd komissarlarının fəaliyyəti haqqında Saziş” imzalanıb.
Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.