AZƏRBAYCAN İLƏ RUMINİYA MÜDAFİƏ NAZİRLİKLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir N.Urekeni yeni təyinatı münasibətilə təbrik etmiş və səfirliyi dövründə Azərbaycan-Rumıniya əlaqələrinin yeni səviyyəyə qalxmasını arzulamışdır.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan-Rumıniya münasibətlərinin əsası ümummilli liderimiz Prezident Heydər Əliyev və Rumıniya Prezidenti İon İliyesku tərəfindən qoyulmuş və hazırda bu münasibətlər arzuolunan səviyyədədir. Azərbaycan-Rumıniya hərbi əməkdaşlığının səviyyəsi də yaxşı vəziyyətdədir. Bu əməkdaşlıq Azərbaycanın müdafiə nazirinin Rumıniyaya və Rumıniyanın müdafiə nazirinin Azərbaycana səfərlərindən sonra daha da möhkəmlənmişdir.
Səfir N.Ureke səmimi qəbul və təbrik üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək, iki dövlətin siyasi münasibətlərinin yaxşı vəziyyətdə olması ilə razılaşmışdır. Lakin səfir qeyd etmişdir ki, iqtisadi münasibətlərimiz siyasi münasibətlərin səviyyəsinə uyğun deyildir. O demişdir: “Rumıniya dövləti artıq NATO-nun üzvüdür. Bu üzvlük rumın cəmiyyəti üçün yeni status deməkdir. Rumıniya öz milli təhlükəsizliyini bundan sonra daha inamla təmin edəcəkdir. Rumın xalqının növbəti arzusu Avropa İttifaqına üzv olmaqdır”.
Sonra o, Rumıniyanın NATO üzvlüyünə qədər keçdiyi mərhələlər haqqında məlumat verərək demişdir ki, bunun üçün başlıca amillərdən biri orduda aparılan əsaslı islahatlardır.
Səfir N.Ureke Rumıniya Silahlı Qüvvələri bölmələrinin beynəlxalq terrorizmlə mübarizədə iştirakı barədə müdafiə nazirinə məlumat vermişdir.
General-polkovnik S.Əbiyev Rumıniyanın NATO-ya üzv qəbul edilməsi münasibətilə rumın xalqını və dövlətini təbrik etmişdir. O, səfirlə Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və nəticələri haqqında fikir mübadiləsi aparmışdır. Nazir qeyd etmişdir ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində külli miqdarda hərbi texnika, silah və sursat yerləşdirməklə “Avropada Adi Silahlı Qüvvələr haqqında” müqaviləni pozur. Bu, Azərbaycanın milli təhlükəsizliyinə ciddi təhdiddir və iri iqtisadi layihələrin həyata keçirilməsinə böyük təhlükə yaradır. O demişdir: “Azərbaycan terrorun və separatçılığın əleyhinədir. Azərbaycan antiterror əməliyyatlarında iştirak edir. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Kosovoda, Əfqanıstanda və İraqda öz sülhməramlı missiyasını ləyaqətlə yerinə yetirir və bundan sonra da yetirəcəkdir”.
Sonra tərəflər Azərbaycan ilə Rumıniya müdafiə nazirlikləri arasında əməkdaşlıq məsələlərini müzakirə etmişlər.