AZƏRBAYCAN İLƏ UKRAYNA ARASINDA YANACAQ-ENERGETİKA SAHƏSİNDƏ ƏLAQƏLƏRİN GENİŞLƏNMƏSİNİN PERSPEKTİVLƏRİ VARDIR
Əsasən, ''Ukrtransnafta'' və ''Ukrnafta'' açıq səhmdar cəmiyyətlərinin üzvlərindən ibarət nümayəndə heyətində Avropa İttifaqının ayırdığı qrant çərçivəsində onlarla birgə fəaliyyət göstərən polşalı mütəxəssislər də təmsil olunmuşdur. Qonaqlar Odessa-Brodı neft kəmərinin Plotska qədər uzadılması layihəsi haqqında ARDNŞ rəhbərliyinə ətraflı məlumat vermişlər. Onlar Ukraynada ARDNŞ ilə birlikdə Azərbaycan neftinin emalı üzrə müəssisələr yaradılması barədə niyyətlərini də bildirmişlər.
Layihənin təqdimatından razı qaldığını söyləyən Rövnəq Abdullayev Avropa bazarlarına alternativ çıxış kanallarının yaranmasında Azərbaycanın maraqlı olduğunu qeyd etmiş və bildirmişdir ki, bu baxımdan Odessa-Brodı-Plotsk layihəsinin də perspektivləri nəzərdən keçirilə bilər və Avropa İttifaqının dəstəklədiyi həmin layihədə Azərbaycan üçün müsbət məqamlar vardır. ARDNŞ-in prezidenti, eyni zamanda, Azərbaycan ilə Ukrayna arasında yanacaq-energetika sahəsində yaradılmış hökumətlərarası işçi qrupunda Dövlət Neft Şirkətinin mütəxəssislərinin mühüm rol oynadığını diqqətə çatdıraraq, bundan sonra da ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində həyata keçirilən işlərin davam etdiriləcəyinə əmin olduğunu bildirmişdir.