Azərbaycan iqtisadiyyatının inkişaf tendensiyaları faydalı əməkdaşlıq üçün imkan yaradıb
Bakı, 25 noyabr AZƏRTAC
Azərbaycan iqtisadiyyatında baş verən inkişaf tendensiyaları faydalı əməkdaşlıq əlaqələrinin yaranmasına imkan yaradıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Özbəkistanın “UzEl Texnosanoat” Assosiasiyasının rəhbəri Oybek Kurbanov deyib.
Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisində iştirak edən O.Kurbanov bildirib ki, Özbəkistanın “Artel” şirkəti artıq 5 ildir ki, Azərbaycan bazarına məhsul ixrac edir.
“Şirkət televizor, soyuducu, tozsoran və digər məişət əşyaları istehsal edir. Azərbaycan bazarına ildə 15 milyon dollar həcmində məhsul ixrac olunur. Şirkətin Bakıda nümayəndəliyi də fəaliyyət göstərir və alıcılara pulsuz xidmət edir. Nümayəndəlikdə əsasən yerli mütəxəssislər çalışır”, - deyə O.Kurbanov vurğulayıb.
O.Kurbanov nəzərə çatdırıb ki, “Artel” şirkəti Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlıq edir: “Bu park şirkətdən xammal şəklində mis alaraq kabel istehsal edir. Parkın istehsal etdiyi kabellər Özbəkistana da ixrac olunur. Cari ildən başlayaraq “Premer” şirkəti də Azərbaycana məhsul ixrac edəcək. Bu şirkət günəş panelləri istehsal edir. Azərbaycan “yaşıl enerji” sahəsində böyük proqramlar həyata keçirir. Bu baxımdan günəş panellərinin istehsalı sahəsində əməkdaşlıq əlaqələri tərəflər üçün faydalı olacaq”.