AZƏRBAYCAN İQTİSADİYYATININ STRATEJİ PROBLEMLƏRİNƏ HƏSR OLUNMUŞDUR
Martın 14-də Azərbaycan Dövlət Neft Akademiyasında /ADNA/ “Azərbaycan iqtisadiyyatının strateji problemləri” mövzusunda respublika elmi-praktik konfransı açılmışdır.
ADNA-nın rektoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Siyavuş Qarayev konfransın ümumi iclasını açaraq, Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlardan danışdı. O bildirdi ki, 1997-ci ildən bəri inflyasiya, demək olar, dayandırılmışdır, halbuki 1993-cü ildə 1800 faiz təşkil edirdi. Ümumi daxili məhsulun artımı 8-10 faizdir. Bu göstəricilər respublikamızın MDB ölkələri arasında ilk yerlərdən birinə çıxmasına imkan vermişdir. Son altı ildə Azərbaycan iqtisadiyyatına 7 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur. Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz yataqlarının işlənilməsinə dair dünyanın 15 ölkəsini təmsil edən 33 iri şirkətlə 21 müqavilə imzalanmışdır. Bunun nəticəsində ölkəmizin iqtisadiyyatına təxminən 60 milyard dollar məbləğində vəsait qoyulacaqdır.
Sonra Milli Məclisin daimi komissiyalarının sədrləri Asya Manafova, Səttar Səfərov, Prezidentin İcra Aparatının iqtisadi siyasət şöbəsinin müdiri Mayıl Rəhimov, təhsil nazirinin müavini Elmar Qasımov və başqaları konfransda çıxış etdilər.
Fasilədən sonra konfrans işini bölmə iclaslarında davam etdirdi.
Konfrans martın 15-də başa çatacaqdır.