AZƏRBAYCAN-İRAN DÖVLƏTLƏRARASI MÜŞTƏRƏK KOMİSSİYANIN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Xəbər verildiyi kimi, yanvarın 8-10-da Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyevin başçılıq etdiyi nümayəndə heyəti İranda səfərdə olmuşdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfərdən əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə gözlənilən səfərinə hazırlıq görülməsi və Dövlətlərarası Müştərək Komissiyanın iclasının keçirilməsi olmuşdur. Dövlətimizin başçısının İrana səfəri zamanı 10-dək sənədin imzalanması nəzərdə tutulur. Bu sənədlər sırasına təhsil, səhiyyə, mülki aviasiya, Ordubad su elektrik stansiyasının inşası, sərhədyanı rayonlarda yaşayan vətəndaşların sadələşdirilmiş qaydada sərhədi keçməsinin təmin olunması, Bakı-Astara avtomobil yolunun Astara-Salyan hissəsinin tikintisinin maliyyələşdirilməsi, körpülərin inşası üçün qrantların ayrılması və s. daxildir. Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində bu sənədlər qonşu ölkənin müvafiq nazirliklərinin nümayəndələri ilə müzakirə edilmişdir.
Yanvarın 8-9-da isə Tehranda Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 6-cı iclası keçirilmişdir.
İclasa respublikamızın iqtisadi inkişaf naziri, komissiyanın Azərbaycan tərəfdən həmsədri Fərhad Əliyev, İranın kooperasiya naziri, bu ölkə tərəfdən komissiyanın həmsədri Əli Sufi sədrlik etmişlər.
İclasda ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ilin mayında İran İslam Respublikasına səfərinin Azərbaycan-İran əlaqələrinin inkişafında xüsusi rol oynadığı, bundan sonra ölkələrimiz arasında əməkdaşlığın inkişafında yeni mərhələnin başlandığı qeyd olunmuşdur.
İran Prezdenti Seyid Məhəmməd Xatəminin 2004-cü ilin avqustunda Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü Azərbaycan-İran əməkdaşlığının genişləndirilməsinə təkan vermiş, dövlətimizin başçısının yanvarın sonunda Tehrana nəzərdə tutulmuş səfərinə qonşu ölkədə böyük önəm verildiyi diqqətə çatdırılmışdır.
Dövlətlərarası müştərək komissiyanın iclasında ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti müzakirə olunmuş və birgə layihələrin həyata keçirilməsini sürətləndirməyin vacibliyi vurğulanmışdır. İclasda hər iki tərəfin ekspertləri ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən birgə layihələr barədə bir sıra rəy və təkliflər vermişlər. İki gün davam edən iclasın nəticələri barədə Memorandum imzalanmışdır. Sənədi komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev və İranın kooperasiya naziri Əli Sufi imzalamışlar.
Memoranduma əsasən, İran tərəfindən ayrılmış iki milyon ABŞ dolları məbləğində qrant hesabına Ələt-Astara avtomobil yolunun texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması, Naxçıvan Muxtar Respublikasının qazla təmin olunması, 330 kv-luq İmişli-Parsabad, 330 kv-luq Əli Bayramlı-İmişli, 220 kv-luq Əli Bayramlı-Astara elektrik ötürücü xətlərinin və müvafiq yardımçı stansiyaların layihələndirilməsi və tikintisinin maliyyələşdirilməsi ilə əlaqədar indiyədək imzalanmış sənədlərin icrasının sürətləndirilməsi qərara alınmışdır.
Bundan başqa, Yeni Bakı-Astara avtomobil yolunun Ələt-Astara (243 km) hissəsində dördzolaqlı avtomobil yolunun inşası məqsədi ilə İranın İxracatın İnkişafı Bankı tərəfindən 40 milyon ABŞ dolları məbləğində kreditin ayrılması barədə sazişin imzalanması, sərhəd çayları üzərində körpülərin tikilməsi, Culfa-Ordubad avtomobil yolunun inşası, Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu xəttinin çəkilişi, Bakı-Təbriz və əks istiqamətdə uçuşların təşkili, Naxçıvan MR-in enerji təchizatının yaxşılaşdırılması üçün İranın Culfa yardımçı stansiyasından 230 kv-luq elektrik xəttinin çəkilməsi, Naxçıvan-Bakı-Naxçıvan marşrutu ilə sərnişin daşınması, Bakı-Naxçıvan arasında fiber-optik kanalın çəkilməsi, sərhədyanı çaylardan müştərək istifadə olunması və s. layihələr də Memorandumda öz əksini tapmışdır.
Memorandumda nəzərdə tutulmuş məsələlərin həyata keçirilməsi məqsədi ilə hər iki tərəfin işçi qrupları arasında Bakı və Tehran şəhərlərində mütəmadi görüşlərin təşkil olunması barədə razılıq əldə edilmişdir.