Azərbaycan karateçisi: Dünya çempionatından iki və ya üç qızıl medalla qayıdacağımızı düşünürəm
“Dünya çempionatında finala çıxacağımı gözləyirəm. Çünki yarışa çox yaxşı hazırlaşırıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri qadın karateçilərdən ibarət Azərbaycan millisinin üzvü Mədinə Sadıqova (55 kiloqram) dünya çempionatına hazırlıqla bağlı təşkil olunan açıq məşq zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, idmançılar həm fiziki, həm də psixoloji cəhətdən rəqiblərinə qarşı mübarizə aparmağa hazırdırlar: “Macarıstandan iki və ya üç qızıl medalla Vətənə qayıdacağımızı düşünürəm. Dünya çempionatında hər zaman güclü rəqiblər olur. Təbii ki, rəqiblərim barədə məlumatım var və hamısını tanıyıram”.
Kişilərdən ibarət yığmanın karateçisi Tural Ağalarzadə (67 kiloqram) də dünya çempionatında uğurla çıxış edəcəklərinə inamını ifadə edib: “Avropa Oyunlarına hazırlaşarkən müəyyən çətinliklərimiz oldu. Bəzi zədələrim var idi. Lakin hər şeyə rəğmən, həmin yarışdan çox yaxşı nəticələrlə qayıtdıq. Təbii ki, bu, ölkəmin, ailəmin və məni sevənlərin dəstəyi sayəsində oldu. İndi isə dünya çempionatına çox ciddi hazırlaşırıq. İnanıram ki, mundialda yaxşı nəticələr əldə edəcəyik”.
Qeyd edək ki, karate üzrə dünya çempionatı oktyabrın 24-dən 29-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.