Azərbaycan kuboku: “Neftçi”nin rəqibi “Qaradağ Lökbatan” oldu
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də futbol üzrə Azərbaycan kuboku yarışlarının onaltıdabir final mərhələsinin sonuncu oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Bayıl Arena” stadionunda “Şərurspor” və “Qaradağ Lökbatan” komandaları üz-üzə gəlib. Baş hakim Anar Niyazovun idarə etdiyi oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Matçda hesabı 9-cu dəqiqədə “Qaradağ Lökbatan” klubunun oyunçusu Sabir Allahquliyev açıb. On üç dəqiqə sonra “Şərurspor”un futbolçusu Rəhman Musayev hesabı bərabərləşdirib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün 58-cü dəqiqəsində Sabir Allahquliyev dubl edərək yenidən komandasını irəli çıxarıb. Oyunun sonuna 4 dəqiqə qalmış “Şərurspor”lu Rəhman Musayev yenidən hesaba tarazlıq gətirib. Bir oyundan ibarət olan bu mərhələnin qalibini müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda da komandalar hərəyə bir dəfə fərqləniblər 3:3.
Beləliklə, qalibi müəyyənləşdirmək üçün qapılara on bir metrlik zərbələr təyin olunub. On bir metrlik zərbələri daha dəqiq yerinə yetirən “Qaradağ Lökbatan” klubu Azərbaycan kuboku yarışlarının səkkizdəbir final mərhələsinə vəsiqəni təmin edib. “Qaradağ Lökbatan” komandası bu mərhələdə “Neftçi” ilə qarşılaşacaq. Görüş dekabrın 2-də keçiriləcək.
Qeyd edək ki, turnirdə 19 komanda mübarizə aparır.