Azərbaycan MDB-də COVID-19 əleyhinə vaksinasiya səviyyəsinə görə liderdir
Bakı, 30 mart, AZƏRTAC
Dünyanın bir çox ölkəsi ötən ilin dekabrından əhalini koronavirus infeksiyasına qarşı peyvəndlənməsinə başlayıb. Ölkəmizdə COVID-19-a qarşı vaksinasiyaya yanvarın 18-də start verilib və hazırda tam sürətlə davam edir. Hazırda vaksinasiya prosesinin 3-cü mərhələsi həyata keçirilir və artıq 530 minə yaxın nəfər peyvənd olunub.
AZƏRTAC xəbər verir ki, MDB ölkələrində koronavirusa qarşı peyvəndləmənin səviyyəsi barədə məlumatlara əsasən regionda peyvəndləməyə ilk başlayan ölkələrdən biri olan Azərbaycan həm peyvənd olunma həcminə, həm də ondan istifadə sürətinə görə əksər ölkələri qabaqlayır.
Belə ki, milli peyvəndləmə strategiyasına uyğun olaraq, sifariş edilmiş 4 milyon doza “CoronaVac” peyvəndi vasitəsi ilə risk qruplarına aid şəxslərin peyvəndlənməsi aparılır.
Lakin koronavirus dünyaya yeni mutasiyalar təqdim edir və bir sıra ölkələrdə yeni yoluxma dalğasının yaranmasına səbəb olur ki, bu da ölüm dərəcələrinin artması ilə müşayiət olunur və nəticədə sərt karantin tədbirlərinin tətbiqinə zəmin yaradır. Bu vəziyyətdə aşılama əhəmiyyətli rol oynaya bilər. Vaksinasiyanın sürəti artırılarsa, ölüm və xəstəxanaya yerləşdirmə səviyyələrini, xüsusilə də risk qrupuna adi olan insanlar arasında, azaltmaq mümkün olacaq.
Statistika göstərir ki, Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. Belə ki, açıq mənbələrdən alınan məlumatlarda martın 26-na olan duruma görə, Azərbaycanda 518 867 nəfərin ilk doza ilə peyvənd olunduğu bildirilir. Bu da əhalinin 5,2 faizini təşkil edir. Rusiyada isə vaksinasiya olunanların sayı 6,3 milyon nəfərdir ki, bu da əhalinin 4,3 faizini təşkil edir. Bu göstərici Belarusda 2 faiz təşkil edirsə, Moldova, Qazaxıstan və Ukraynada heç 1 faiz səviyyəsinə çatmır. Qonşu Gürcüstan COVAX təşəbbüsü vasitəsilə 72 400 doza peyvənd əldə etmək imkanına malikdir, lakin cəmi 5 min nəfər peyvənd olunub. Ermənistanda isə vaksinasiya hələ başlamayıb.
Hər 100 nəfərə düşən peyvənd olunanların sayına görə də Azərbaycan liderlər sırasındadır, yalnız Rusiyadan geridədir. Rəqəmlər bir daha Azərbaycanın əhalinin peyvəndlənmə prosesinə kifayət qədər ciddi yanaşdığını sübut edir.