Azərbaycan Mədəniyyət Mərkəzi Murmanskda ənənəvi "Birlik" festivalında iştirak edəcək
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 30-31-də Murmanskda, Mərkəzi Həmkarlar İttifaqları Stadionunun İdman Sarayında milli-mədəni birliklərin ənənəvi "Birlik" festivalı keçiriləcək.
Azərbaycan Mədəniyyət Mərkəzinin Murmansk regional ictimai təşkilatının və RAGB-nin yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürovun AZƏRTAC-a bildirdiyinə görə, ənənəyə görə festival çərçivəsində minifutbol üzrə turnir keçiriləcək. Festivalın hazırlanmasına və keçirilməsinə ümumi rəhbərliyi Murmansk şəhər administrasiyası, Bədən Tərbiyəsi və İdman Komitəsi və Sosial Dəstək, İctimai Təşkilatlarla Qarşılıqlı Fəaliyyət və Gənclər Məsələləri Komitəsi həyata keçirir.
"Birlik" milli-mədəni birliklər festivalının keçirilməsində məqsəd Murmansk şəhərində minifutbolun daha da inkişaf etdirilməsi və populyarlaşdırılması, əhalinin müntəzəm bədən tərbiyəsi və idmana, sağlam həyat tərzinə cəlb edilməsi, bütün millətlər arasında dostluğun, əməkdaşlığın, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, Murmanskın ərazisində yaşayan çoxmillətli əhalinin şərəfli qardaşlıq ənənələrinin qorunmasıdır.
Festival çərçivəsində həmvətənlərimiz, Azərbaycan Mədəniyyət Mərkəzinin Murmansk regional ictimai təşkilatının fəalları da daxil olmaqla, milli mədəniyyət birliklərinin rəqs və xor kollektivlərinin iştirakı ilə yaradıcılıq çıxışları təşkil edilir. Bundan əlavə milli mətbəxlər müsabiqəsi də keçirilir.
Müsabiqələrdə qaliblər xüsusi mükafat və diplomlarla təltif edilirlər.