AZƏRBAYCAN MƏHSULLARI NORVEÇƏ GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ İXRAC EDİLƏCƏKDİR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari il yanvarın 1-dən 11 ölkə, o cümlədən Azərbaycan ilk dəfə olaraq Norveçin Ümumiləşdirilmiş Preferensiyalar Sistemi (ÜPS) proqramına daxil edilmişdir. Hazırda Norveçin ÜPS proqramı MDB məkanında ancaq Azərbaycan və Gürcüstanda qüvvədədir.
Proqramda bəzi məhsullar üzrə hətta yüz faizədək tarif güzəştləri nəzərdə tutulur. Tarif güzəştləri tətbiq edilən Azərbaycan məhsullarının siyahısı və güzəşt dərəcələri haqqında məlumatlarla “www.wto.az/norwegian-gsp.htm”.bu internet saytında tanış olmaq mümkündür
Güzəştlərdən faydalanmaq istəyənlər İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətindən mənşə sertifikatını almalıdırlar.
Bundan əlavə, Azərbaycan Avropa İttifaqı ölkələrinin, Kanada, Yaponiya, Türkiyə və İsveçrənin də ÜPS proqramlarından istifadə edir. Cari ilin aprelində isə ABŞ Ticarət Nümayəndəliyinə bu dövlətin tətbiq etdiyi ÜPS proqramına respublikamızın benefisiar ölkə statusunda daxil edilməsi üçün rəsmi müraciət göndərilmişdir.
İnkişaf etmiş ölkələr tərəfindən təqdim edilən ÜPS-də Azərbaycanın benefisiar ölkə statusu ilə təmsil olunmasının respublikamızın ixrac potensialının genişləndirilməsi və ixracın strukturunun şaxələndirilməsi baxımından böyük əhəmiyyəti vardır.