Azərbaycan məktəbliləri maarifləndirmə proqramında iştirak edirlər
Bakı, 27 aprel, AZƏRTAC
On ölkədən 40-dan çox təmsilçi, o cümlədən Azərbaycandan 5 nəfər “Blokada kitabını oxuyuruq” VI maarifləndirmə proqramının iştirakçısı olublar.
Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildirilib.
Proqram Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilir və Leninqradın faşist blokadasından azad edilməsinin 80 illiyinə, şəhər sakinlərinin, sovet ordusu döyüşçülərinin İkinci Dünya müharibəsi zamanı göstərdikləri şücaətə həsr olunur.
Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Polşa, Serbiya, Tacikistan və Özbəkistandan olan 12-16 yaşlı məktəblilər veteranlarla görüşəcək, “Həyat yolu”ndan keçəcək, Sankt-Peterburqun tarixi yerlərini görəcək, Piskaryov memorial qəbiristanlığını ziyarət edəcəklər.
Uşaqları mühazirələr, interaktiv və oyun məşğələləri, ekskursiyalar və rus dili üzrə ustad dərsləri, yaradıcı tapşırıqlar gözləyir. Şagirdləri müşayiət edən müəllimlər uşaq çoxdilliliyinin psixoloji və pedaqoji aspektləri mövzusunda dəyirmi masalarda iştirak edəcəklər.
Layihə Sankt-Peterburqun Daxili Əlaqələr Komitəsi tərəfindən təşkil olunub.
“Blokada kitabını oxuyuruq” maarifləndirmə proqramının Azərbaycandan olan iştirakçılarına təşkilati dəstək Bakıdakı Rus Evi, “Yaşlek” Azərbaycan Tatar Gəncləri Mərkəzi və Azərbaycan Dillər Universitetinin nəzdində yerləşən Rusiyaşünaslıq Elmi Mərkəzi tərəfindən göstərilib.