İQTİSADİYYAT
Azərbaycan Mərkəzi və Şərqi Avropanın ən böyük kibertəhlükəsizlik konfransında təmsil olunacaq

Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) sədri və əməkdaşları, eləcə də AKTA İdarə heyətinin üzvü olan “Cyberpoint” şirkətinin rəhbəri və əməkdaşından ibarət nümayəndə heyətinin “Kibertəhlükəsizlik ekspertlərinin beynəlxalq kibertəhlükəsizlik mərkəzlərinə səfəri” layihəsi çərçivəsində Rumıniya Respublikasına işgüzar səfəri başlayıb.
AKTA-dan AZƏRTAC-a bildirilib ki, TAIEX - Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihə çərçivəsində baş tutan səfərin ilk günü nümayəndə heyəti ilə Rumıniyanın Milli Kiber Təhlükəsizlik Direktoratlığının rəhbəri və müvafiq əməkdaşları arasında görüşlər keçirilib. Görüşlərdə ölkələrin kibertəhlükəsizlik ekosistemi və bu sahədə son illər ərzində hüquqi, təşkilati və texniki sferalarda həyata keçirilmiş fəaliyyətə dair məlumat mübadiləsi aparılıb. Kibertəhlükəsizliyin daha effektiv və səmərəli təmin olunması məqsədilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti nəzərə alınaraq, potensial əməkdaşlıq istiqamətlərinə dair müzakirələr həyata keçirilib.
Qeyd edək ki, noyabrın 25-dək davam edəcək layihə çərçivəsində nümayəndə heyətinin aidiyyəti təşkilat, şirkət və ali təhsil müəssisələrinə işgüzar səfəri, eləcə də Mərkəzi və Şərqi Avropanın ən böyük kibertəhlükəsizlik konfransında (“DefCamp Conference”) iştirakı nəzərdə tutulur.