Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti Yaponiyanın Şika şəhərinin meri ilə görüşüb
Bakı, 6 yanvar, AZƏRTAC
Yanvarın 6-da Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov ilə Yaponiyanın Şika şəhərinin meri Koizumi Masaru arasında görüş keçirilib.
AMPK-dan AZƏRTAC-a bildiriblər ki, onlayn formatda təşkil olunan görüşdə İ.Rəhimov iştirakçılara komitə haqqında məlumat verib. Qeyd edilib ki, 1996-cı ildə iki idmançı ilə başlanılan Azərbaycan Paralimpiya hərəkatına bu gün minlərlə idmançı qoşulub. İdmançılarımız bu günə qədər 6 Paralimpiya Oyununda iştirak edib, onlarla medal qazanıblar. İdmançılarımızdan 7-si Paralimpiya çempionlarıdır ki, onların da ikisi ikiqat Paralimpiya çempionudur.
İ.Rəhimov komitə ilə Şika şəhəri arasında 2020-ci ildə imzalanmış memorandum çərçivəsində azərbaycanlı paralimpiyaçıların “Tokio-2020”yə qatılması ərəfəsində Şikada hazırlıq keçmələri üçün yaradılmış yüksək şərait üçün təşəkkürünü bildirib. Komitə prezidenti onu da qeyd edib ki, hazırlıq mərhələsi Oyunlarda göstəriləcək nəticələrə müsbət təsir göstərəcək.
Şika şəhərinin meri K.Masaru ölkəsinin Paralimpiya dəyərlərinə önəm verdiyini bildirib, AMPK və Şika şəhəri ilə əlaqələrin gələcəkdə möhkəmləndirilməsini vacib hesab edərək müxtəlif sahələrdə birgə iş qurulmasını dəstəklədiyini deyib. Eyni zamanda, mer Azərbaycan paralimpiyaçılarının Şikada “Tokio-2020” Yay Paralimpiya Oyunlarına hazırlıq keçməsini hər iki ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərdiyini vurğulayıb.
Daha sonra tərəflər gələcək əməkdaşlıq ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.
Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov və Şika şəhərinin xarici əlaqələr üzrə rəhbəri də iştirak ediblər.