Azərbaycan millisinin baş məşqçisi: Məsələni elə Kiprdə həll etmək fikrindəyik
Bakı, 28 noyabr, AZƏRTAC
“Dünən Kiprdə təlim-məşq toplanışımız start götürdü. Oyun gününə qədər gündə bir məşq olmaqla hazırlıqlarımız davam edəcək. Kiprlə matçda məqsədimiz 3 xal alaraq qrupu birinci sırada bitirməkdir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasında Kiprə qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.
Matça ciddi hazırlaşdıqlarını bildirən 36 yaşlı mütəxəssis komandada zədəli futbolçuların olduğunu vurğulayıb: “Vüsalə Hacıyeva və Nazlıcan Parlak zədəli olduqlarına görə təlim-məşq prosesində iştirak edə bilmirlər. Ümid edirəm ki, növbəti görüşlərdə onlar da bizə qoşulacaqlar. İtkilərin olmasına baxmayaraq, komandada hər şey qaydasındadır, əhvali-ruhiyyə yüksək səviyyədədir”.
Hazırda 10 xalla qrup lideri olduqlarını xatırladan S. Əsgərov liderliyi əldən vermək istəmədiklərini, maksimum nəticə üçün son ana kimi mübarizə aparacaqlarını söyləyib: “Üstünlüklərimiz çoxdur. Əlimizə düşən şanslardan istifadə edəcəyik. Əgər qrupu lider olaraq bitirsək, bu, bizim üçün tarix olacaq. İşi Farer adaları ilə oyundan öncə - elə burada bitirmək fikrindəyik”.
Qeyd edək ki, yığma dekabrın 1-də səfərdə Kiprlə, 4 gün sonra isə "Dalğa Arena"da Farer adaları ilə üz-üzə gələcək.