Azərbaycan millisinin sabiq futbolçusu: İsveçlə budəfəki oyunlar fərqli olacaq
Bakı, 9 fevral, AZƏRTAC
“Qrupumuzdakı hər üç yığma ilə son illər tez-tez qarşılaşırıq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Aslan Kərimov UEFA Millətlər Liqasının püşkatmasını dəyərləndirərkən deyib.
Azərbaycan millisinin sabiq futbolçusu yığmanın çətin qrupa düşdüyünü bildirib: “Digər qruplarda yer alan Farer adaları və Şimali Makedoniya kimi komandalar dişimizə uyğun rəqiblər idi. Təəssüf ki, onlar bizə rəqib olmadılar. Qrupda keçirəcəyimiz 6 oyundan mümkün qədər çox xal yığmalıyıq. İsveç və Slovakiya yığmaları keyfiyyətli futbolçulardan təşkil olunub. Ötən seçmə mərhələdə Bakıda İsveç üzərində qazandığımız qələbə bizi aldatmamalıdır. Çünki skandinaviyalılar həmin matça motivasiyasız çıxmışdılar. Düşünürəm ki, bu dəfə fərqli qarşılaşmalar olacaq”.
A.Kərimovun sözlərinə görə, yeni gələcək baş məşqçinin sistemindən də çox şey olacaq: “Yeni mütəxəssisin öz fəlsəfəsini futbolçulara aşılaması vaxt aparacaq. Fikrimcə, bu da bizim üçün çətinlik yaradan amillərdən biridir. Qrupdan birinci yerlə çıxmağımız çətindir”.
Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasının C Divizionunda İsveç, Slovakiya və Estoniya seçmələri ilə birlikdə 1-ci qrupda yer alıb.