MƏDƏNİYYƏT
“AZƏRBAYCAN MÖCÜZƏLƏRİ” ADLI MƏDƏNİ-ETNOQRAFİK, MACƏRA-İNFO TANITIM TURU KEÇİRİLİR
Bakı, 3 aprel (AZƏRTAC). Azərbaycan turizm potensialının və mədəni irsinin daha geniş təbliğ olunması məqsədi ilə yeni bir layihə həyata keçirilir.
Aprelin 3-də “Millenium Turizm, Konqres DMC” MMC və Skal İnternational Bakı Turizm Klubunun birgə təşkilatçılığı ilə Rusiya Federasiyasının Sankt-Peterburq vilayətinin Pavlosk şəhərində yerləşən A.M.Qorçakov adına liseyinin 30-a yaxın yüksək intellektə və bacarığa malik 12-14 yaşlar arasında yeniyetmələr üçün “Azərbaycan möcüzələri” adlı mədəni-etnoqrafik, macəra-info tanıtım turu başlamışdır. Turun birinci günü qonaqlar paytaxtla yaxından tanış olmuş, mədəni-tarixi abidələrimizi, muzeylərimizi gəzmişlər.
Şəhidlər xiyabanını ziyarət edən qonaqlar, eyni zamanda, Xocalı faciəsinin şahidləri ilə görüşmüş, onlara Azərbaycan həqiqətləri, mənfur ermənilərin xalqımızın başına gətirdiyi müsibətlər haqqında geniş məlumat verilmişdir.
Aprelin 6-dək davam edəcək tur çərçivəsində qonaqlar dövlət qoruqlarımızı, qalereyalarımızı gəzəcək, milli mətbəximizlə tanış olacaqlar.