Azərbaycan musiqisində romans-qəzəl janrının 70 yaşı tamam olmuşdur
Bakı, 21 may (AZƏRTAC). Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Azərbaycan musiqisi tarixi silsiləsindən romans-qəzəl janrına həsr olunmuş növbəti tədbir keçirilmişdir.
Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə demişdir ki, Azərbaycan musiqi tarixində muğam, simfonik muğam, caz-muğam və romans-qəzəl kimi janrların vətənidir.
Ədəbi qəzəl Şərq ədəbiyyatının ən geniş yayılmış janrıdır. Lakin musiqili qəzəlin ilk nümunəsini dünyaya 70 il əvvəl Üzeyir Hacıbəyli bəxş etmişdir.
F.Əlizadə bildirmişdir: “Ədəbi qəzəl kimi musiqili qəzəl də mürəkkəb lad və ritm qanunlarına söykənir. Təəssüf ki, son vaxtlar romans-qəzəl janrına nadir hallarda müraciət edirlər. Sentyabrda Üzeyir Hacıbəyli adına Beynəlxalq festival çərçivəsində həmin mövzuya həsr olunmuş nəzəri konfrans keçirməyi planlaşdırırıq.
Romans-qəzəl janrı 1940-cı ildə Üzeyir Hacıbəyli yaradıcılığının bəhrəsi olmuşdur. Böyük bəstəkar XII əsr Azərbaycan klassik poeziyasının dühası, mütəfəkkir şair Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar onun “Sənsiz” (1941) və “Sevgili Canan” qəzəlləri əsasında eyniadlı iki romans yazmışdır. Həmin əsərlər musiqi üslubu baxımından orijinallığı və milli koloriti ilə seçilir.
Sonralar Azərbaycanın bir çox bəstəkarları həmin janra müraciət etmişlər.
Bugünkü tədbirimiz də romans-qəzələ həsr edilmişdir”.
Tədbirin birinci hissəsində konsert olmuşdur. Əməkdar Artist Anar Şuşalı Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə bəstələnmiş “Sənsiz” və Fikrət Əmirovun Xəqaninin sözlərinə bəstələnmiş “Gülüm” romans-qəzəllərini ifa etmişdir.
Proqramda, həmçinin Beynəlxalq müsabiqə laureatı Azər Rzayevin ifasında Üzeyir Hacıbəylinin “Sevgili Canan”, Xalq Artisti Əvəz Abdullayevin ifasında Nərgiz Şəfiyevanın Hafizin sözlərinə bəstələdiyi və Ü.Hacıbəyliyə həsr etdiyi qəzəl-poema, Beynəlxalq müsabiqə laureatı Ramil Qasımovun ifasında Tofiq Quliyevin “Bəxtəvər oldum” (sözləri Xəqaninindir) və Oqtay Zülfüqarovun “Yad eylərəm” (sözləri Füzulinindir) romansları səslənmişdir.
Konsert C.Cahangirovun “Nazənin” (sözləri Xəqaninindir) və V.Adıgözəlovun “Qərənfil” (sözləri Natəvanındır) romanslarını ifa etmiş Xalq Artisti Xuraman Qasımovanın çıxışı ilə başa çatmışdır.
Konsertmeyster Beynəlxalq müsabiqə laureatı Züleyxa Bayramova olmuşdur.
Konsert başa çatandan sonra Vahid Poeziya Məclisinin sədri Rafiq Əliyev, Bakı Musiqi Akademiyasının professoru Tərlan Quliyev, sənətşünaslıq doktoru Zümrüd Dadaşzadə çıxış edərək, Azərbaycan musiqisində romans-qəzəlin rolundan, ritm problemlərindən və ifa zamanı düzgün tələffüz qaydalarından söz açmışlar.