AZƏRBAYCAN MÜXALİFƏTİ İĞTİŞAŞLAR STRATEGİYASINI SEÇƏCƏKMİ ?
Azərbaycanda parlament seçkilərinə beynəlxalq müşahidəçilərin verdikləri müəyyən ədalətsiz qiymətlərdən ruhlanan və daha obyektiv qiymətləri qulaqardına vuran müxalifət liderləri seçkilərin nəticələrinin ləğv edilməsinə və bütün ölkədə yeni seçkilər keçirilməsinə nail olmaq məqsədi ilə kütləvi küçə mitinqləri təşkil edirlər. Hazırda “Azadlıq” radikal müxalifət bloku seçkilərdə guya qələbə qazandığı barədə iddia ilə öz tərəfdarlarını səfərbər edir.
Blokun liderləri həmişə bu seçkilərə siyasi prosesin yüksək nöqtəsi kimi deyil, əksinə, fiziki qarşıdurmaya (“rəngli inqilab”, iqtidarın dəyişdirilməsi) doğru aparan keçid dövrü kimi baxmışlar. Seçki kampaniyası zamanı onlar bəyan edirdilər ki, müxalifətə parlamentdəki 125 yerdən 45 yerdən az verən hər hansı nəticəni saxtalaşdırılmış nəticə kimi qiymətləndirəcəklər.
Deyəsən, müxalifət bu rəqəmi seçkilərdən sonra ictimai qayda-qanunun dəyəri barədə iqtidarla sövdələşmək üçün uydurmuşdur.
Seçkilərdən əvvəlki bütün ictimai rəy sorğularının nəticələrini, - bu sorğular onların reytinqinin aşağı olduğunu göstərmişdir, - başından çıxaran müxalifət ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) himayəsi ilə keçirilmiş exit-polla qəti şəkildə inandığını bəyan etmişdi. ABŞ-ın PA Consultinq şirkətinin keçirdiyi exit-pollun nəticələri müxalifəti son dərəcə məyus etdi, çünki sorğunun keçirildiyi 65 seçki məntəqəsindən 53-də qaliblər eyni adamlar olmuşdur. İndi “Azaldığ”ın “yaralanmış” liderləri bildirirlər ki, onların bloku parlamentdə yerlərin guya üçdə iki hissəsini (80-dən çoxunu) qazanmışdır və onlar öz namizədlərini irəli sürdükləri 116 seçki dairəsinin əksəriyyətində qalib gəlmişlər.
Müxalifət hələlik qanunlara əməl edir və polislə toqquşmalara getmir. Müxalifətin daxilindəki bəzi ünsürlər mitinqləri oturaq aksiyalara çevirmək və çadırlar qurmaqla hədələyirlər. Təbii ki, bu aksiyalar və çadırlar qanunsuz hesab ediləcək və toqquşmalara gətirib çıxaracaqdır. Müxalifətin strateqləri “qəfil kütlə” anlayışı ortaya atmışlar. Yəni o, nümayişçilərin mobil qruplarının köməyi ilə yaranacaq, eyni vaxtda müxtəlif yerlərdə nümayişlərə başlayacaq və bununla da polisin diqqətini özlərinə çəkəcəklər. Nəticədə bəzi ərazilər qorunmamış qalacaq, müxalifətçilərin digər iri qrupu isə bu ərazidə çadır şəhərciyi salacaqdır. Lakin müxalifət liderləri öz tərəfdarlarını oturaq aksiyaları və çadırlar salınmasını lazımi məqamadək təxirə salmağa çağırırlar.
Hakimiyyət orqanları özünü təmkinli apararaq, hər hansı qarşıdurmaya yol vermir, lakin ictimai qayda-qanunu hər an təmin etməyə hazır olduğunu bildirir. Prezident İlham Əliyev AzTV-yə müsahibəsində demişdir: “Hamımız seçkilərin necə keçəcəyi haqda düşünürdük. O cümlədən və bəlkə də, ilk növbədə mən. Çünki seçkilərin normal, ədalətli keçirilməsi mənim Prezident kimi gələcək fəaliyyətimə də böyük dəstək olacaqdır”. Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, Mərkəzi Seçki Komissiyası 125 seçki dairəsindən 20-də səslərin hesablanması və seçicilərin siyahılarının tutulması zamanı yol verilmiş pozuntuları yoxlayır. Dörd dairədə seçkilərin nəticələri ləğv edilmişdir və təkrar səsvermə keçiriləcəkdir. Baş Prokurorluq isə saxtakarlıqlarda iştirak edənlərə qarşı cinayət işləri qaldırmışdır. Ə.Həsənov müxalifəti küçələrə çıxmağa yox, prokurorluğa və məhkəmələrə müraciət etməyə çağırır. Əvvəlkilər kimi, bu dəfə də Yeni Azərbaycan Partiyasının aşkar qələbəsi ilə başa çatan indiki seçkilər keçmiş seçkilərlə müqayisədə daha azad və demokratik seçkilərə doğru böyük addım olmuşdur, lakin barışmaz müxalifət bu tərəqqini qiymətləndirmədi.