AZƏRBAYCAN NATO İLƏ ƏLAQƏLƏRİN İNKİŞAFINA XÜSUSİ DİQQƏT YETİRİR
Martın 27-də Milli Məclis sədrinin müavini, Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov NATO-nun Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə informasiya və mətbuat ofisinin nümayəndəsi xanım Yeter Yamanla görüşmüşdür.
Qonağı səmimi salamlayan Z. Əsgərov dedi ki, Azərbaycan NATO ilə əməkdaşlığa xüsusi diqqət yetirir. Milli Məclisin NATO PA ilə sıx əlaqəsi vardır. Hazırda Azərbaycanın Müdafiə Nazirliyi ilə NATO arasında əlaqələr normal məcrada inkişaf edir.
Amma bəzi problemlər, xüsusən də Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi çox ciddi maneələr yaratmışdır. Beynəlxalq təşkilatlardan yalnız Avropa Şurası Ermənistanı təcavüzkar dövlət kimi tanımışdır. Yaxşı olar ki, bu gün dünyada sülhün təminatçısı rolunu oynayan NATO da Ermənistanı təcavüzkar dövlət kimi tanısın və işğalçı dövlət öz cəzasını alsın.
Sonra Z.Əsgərov parlamentdə rəhbərlik etdiyi təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının fəaliyyəti barədə qonağa ətraflı məlumat vermişdir.
Səmimi qəbul üçün təşəkkürünü bildirən Yeter Yaman NATO-nun dəstəyi ilə Bakıda keçirilən “Beynəlxalq terrorizm insan hüquqlarına təhlükədir” mövzusunda beynəlxalq konfransın əhəmiyyəti barədə danışdı. Ölkəmizin beynəlxalq tədbirlərdə fəal iştirakını qeyd edən xanım Y.Yaman dedi ki, digər dövlətlərlə müqayisədə Azərbaycanın fəaliyyəti daha çox nəzərə çarpır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.