AZƏRBAYCAN NATO İLƏ FƏRDİ TƏRƏFDAŞLIĞIN FƏALİYYƏT PLANINI MÜVƏFFƏQİYYƏTLƏ HƏYATA KEÇİRİR
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, nazir Eldar Mahmudov Azərbaycan ilə NATO arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini qonağın diqqətinə çatdırmış, alyansla fərdi tərəfdaşlığın fəaliyyət planının müvəffəqiyyətlə həyata keçirildiyini bildirmişdir.
General-leytenant Eldar Mahmudov beynəlxalq terrorçuluqla mübarizənin Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu, bu təhlükəyə qarşı mübarizənin yalnız beynəlxalq səylərin birləşdiriləcəyi təqdirdə daha səmərəli olacağını qeyd etmişdir. Nazir beynəlxalq terrorizmlə mübarizə sahəsində Azərbaycana göstərdikləri köməyə görə antiterror koalisiyasına daxil olan NATO-ya üzv dövlətlərə təşəkkürünü bildirmiş, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini xüsusi vurğulamışdır.
Səmimi qarşılandığına və ətraflı məlumata görə minnətdarlığını bildirən Robert Simmons, Azərbaycanın müvafiq qurumlarının, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin NATO ilə fərdi tərəfdaşlığın fəaliyyət planının həyata keçirilməsində fəal rol oynadığını diqqətə çatdırmışdır. Qonaq terrorçuluğa qarşı mübarizədə Azərbaycanın səylərini, bu işdə antiterror koalisiyasına daxil olan NATO-ya üzv dövlətlərlə fəal əməkdaşlığını, habelə ölkəmizin beynəlxalq təhlükəsizliyin təmin olunması üçün gördüyü işləri yüksək qiymətləndirmişdir. Robert Simmons NATO-nun terrorçuluqla mübarizə sahəsində ixtisaslaşmış strukturları ilə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini, təhlükəsizliyin təmin olunması sahəsində tərəfdaş dövlətlərin təcrübəsinin yayılmasında və qarşılıqlı öyrənilməsində kömək göstərməyə hazır olduqlarını qeyd etmişdir.
İşgüzar şəraitdə keçən görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.