AZƏRBAYCAN-NATO MÜNASİBƏTLƏRİNİN PERSPEKTİVLƏRİ BÖYÜKDÜR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, general-polkovnik Səfər Əbiyev görüşdə son zamanlar Azərbaycan-NATO münasibətlərinin daha da genişləndiyini qeyd etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ilin mayında fərdi tərəfdaşlığın fəaliyyət planını (İPAP) NATO-nun baş katibinə təqdim etmiş və bu plan üzrə Azərbaycan-NATO əməkdaşlığı uğurla gedir. Prezidentin tapşırığı ilə qısa müddət ərzində fərdi tərəfdaşlığın fəaliyyət planı üzrə komissiya yaradılmış, müdafiə nazirinin əmrinə əsasən planın yerinə yetirilməsi üzrə proqram hazırlanmışdır və artıq onun müddəaları uğurla yerinə yetirilir. Biz İPAP-ın müddəalarına vaxtında əməl edəcəyik.
Robert Simmons NATO-Azərbaycan münasibətləri ilə bağlı fikir mübadiləsi aparmaqdan məmnun olduğunu, Bakıda fərdi tərəfdaşlığın fəaliyyət planı üzrə komissiyanın işində iştirak etdiyini söyləmiş və demişdir ki, bu sahədə xeyli iş görüldüyünün şahidi olmuşdur. Bu proqramın yerinə yetirilməsi Azərbaycanın müdafiə qabiliyyətinin güclənməsinə təkan verəcəkdir. Azərbaycanın sürətli iqtisadi inkişafı, buna uyğun müdafiə xərclərinin artması həmin proqramın uğurla yerinə yetirilməsinə zəmin yaradır. Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Kosovada və Əfqanıstanda NATO əməliyyatlarına uğurlu töhvə verdiyinə görə sizə minnətdarıq. NATO-Azərbaycan münasibətlərinin perspektivləri böyükdür.
General-polkovnik Səfər Əbiyev demişdir ki, Azərbaycan İPAP-ın yerinə yetirilməsinə çox ciddi yanaşır. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması İPAP-ın müddəalarının yerinə yetirilməsinə və ümumiyyətlə, Azərbaycan-NATO münasibətlərinin uğurlu inkişafına əngəl törədir. Yaxşı olardı ki, NATO Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllində Azərbaycana açıq dəstək versin. Əgər Ermənistan dövləti beynəlxalq təşkilatların məsləhətlərindən nəticə çıxararaq beynəlxalq hüquq normalarının tələblərini yerinə yetirməsə, Azərbaycan ərazi bütövlüyünü özü bərpa edəcəkdir. Münaqişənin həll edilməməsi Azərbaycan-NATO münasibətlərinə mənfi təsir göstərən ən böyük amildir.
Robert Simmons bildirmişdir ki, biz Azərbaycanla münasibətlərimizdə əldə olunan uğurları xüsusi qeyd edirik və ümidvarıq, Ermənistan-Azərbaycan münaqişəsi dinc yolla həllini tapacaqdır.
Sonra Cənubi Qafqazda mövcud hərbi-siyasi vəziyyət, ölkəmizin iqtisadi inkişafı, Azərbaycan-NATO münasibətlərinin perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.