“AZƏRBAYCAN NEFT TƏSƏRRÜFATI” JURNALINA
Hörmətli əməkdaşlar!
Sizi respublikanın neft sənayesi və elminin bütün sahələrində aparılan tədqiqatların dünya elmi ictimaiyyətinə çatdırılmasında xüsusi yeri olan “Azərbaycan neft təsərrüfatı” jurnalının 85 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Azərbaycanda neft sənayesi və elminin, eləcə də iqtisadiyyatın tərəqqisində, yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsində xüsusi xidmətləri olan jurnalınız ötən illər ərzində böyük yol keçmişdir. Neft təsərrüfatı və elminə dair onun səhifələrində dərc edilmiş məqalələr ölkəmizdə neft sənayesi ilə bağlı elmin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Elm və texnikanın ən son nailiyyətlərinin, qabaqcıl təcrübənin və istehsalın idarə olunmasının mütərəqqi metodlarının təbliği işində nüfuzlu informasiya mənbəyi kimi jurnalın fəaliyyəti təqdirə layiqdir. Neft elminin bütün sahələrində alimlərimizin nailiyyətlərini işıqlandırmaqla yanaşı, respublikamızda bu sahədə elmi mühitin formalaşdırılmasında da jurnalın xidmətləri vardır.
Ölkəmizdə “Əsrin müqaviləsi”nin həyata keçirilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum ixrac boru kəmərlərinin tikilməsi kimi əzəmətli və tarixi layihələrlə əlaqədar neft sənayesinin prioritet istiqamətlərinin yeni çalarlar kəsb etməsi neftçi alimlərin qarşısında mühüm vəzifələr qoymuşdur. Əminəm ki, alimlərimizin neft elminin yeni istiqamətləri üzrə apardıqları tədqiqat işləri jurnalınızın səhifələrində əksini tapacaq və “Azərbaycan neft təsərrüfatı” jurnalı bundan sonra da öz ənənələrinə sadiq qalaraq, onların elmi araşdırmalarının nəticələrini və kəşflərini, bu sahənin inkişafındakı səylərini beynəlxalq aləmdə layiqincə təbliğ edəcəkdir.
Bu əlamətdar yubiley münasibətilə sizə böyük müvəffəqiyyətlər, cansağlığı və səadət arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 sentyabr 2005-ci il.