AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ DONOR ÖLKƏLƏRİN KONFRANSINDA İŞTİRAK ETMİŞDİR
Konfransı Pakistanın Baş naziri Şövkət Əziz açmış, Prezident Pərviz Müşərrəf, BMT-nin baş katibi Kofi Annan dünya ölkələrinə və beynəlxalq təşkilatlara, nüfuzlu banklara müraciət edərək, Pakistana yardımları artırmağa çağırmışlar.
MDB ölkələrindən yeganə heyət olan Azərbaycan nümayəndə heyətinin rəhbəri Yaqub Eyyubov konfransda çıxış edərək, ölkəmizin indiyədək göstərdiyi yardımlarla yanaşı, Prezident İlham Əliyevin göstərişi ilə əvvəl ayrılmış 500 min ABŞ dollarına əlavə olaraq daha 1 milyon ABŞ dolları məbləğində nağd yardım göstəriləcəyini bildirmişdir. Buna cavab olaraq Prezident Pərviz Müşərrəf Prezident İlham Əliyevin noyabrın 18-də ona zəng etdiyini, ağır günlərdə Azərbaycan xalqının Pakistan xalqı ilə birlikdə olduğunu bildirdiyini konfrans iştirakçılarının diqqətinə çatdırmış, yardıma görə Azərbaycan xalqına və dövlətinə bir daha təşəkkür etmişdir.
Konfransın nəticəsi uğurlu olmuşdur. Pakistan tərəfi donor ölkələrdən 5,2 milyard ABŞ dolları məbləğində vəsait gözlədiyi halda, bu rəqəm 5,8 milyard dollara çatmışdır. Ən böyuk vəsaiti Dünya Bankı (1 milyard dollar) və Asiya İnkişaf Bankı (1 milyard dollar) ayırmışlar. Səudiyyə Ərəbistanı 573 milyon, ABŞ 510 milyon, İslam İnkişaf Bankı 500 milyon, Çin 326 milyon, İran 200 milyon, Türkiyə 150 milyon dollar məbləğində yardım etmişlər. Ümumilikdə ayrılan vəsaitin 3,4 milyard dolları regional infrastruktur yaradılmasına və evlərin tikintisinə, qalan hissəsi isə zəlzələdən zərər şəkənlərə yardım məqsədi ilə istifadə olunacaqdır.
Konfrasdan sonra Pərviz Müşərrəf nümayəndə heyətlərinin başçılarını Prezident sarayında qəbul etmişdir. Pakistan rəhbəri Azərbaycan nümayəndə heyətinin başçısından bir daha özünün salamlarını və xoş arzularını Prezident İlham Əliyevə yetirməyi xahiş etmişdir.