AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ ƏFQANISTANDA SƏFƏRDƏDİR
AZƏRTAC xəbər verir ki, xarici işlər nazirinin müavini Araz Əzimovun başçılıq etdiyi nümayəndə heyəti avqustun 25-dən Əfqanıstan İslam Respublikasında səfərdədir.
Azərbaycanın Əfqanıstandakı müvəqqəti işlər vəkili İbrahim Qafarov bildirmişdir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən avqustun 28-dək davam edəcək səfərdən məqsəd dost ölkə ilə əlaqələrin möhkəmləndirilməsi, Əfqanıstan hökuməti və xalqının ehtiyaclarının yerində öyrənilməsi, respublikamızın imkanları daxilində kömək göstərə biləcəyimiz sahələrin müəyyənləşdirilməsi, sülhməramlı qüvvələrin tərkibində xidmət edən əsgərlərimiz ilə görüşün keçirilməsidir.
Azərbaycan nümayəndə heyətinin başçısı Əfqanıstana səfərinin ilk günü hərbi hissədə əsgərlərimizin xidmət və yaşayış şəraiti ilə tanış olmuş, onların arzu və istəklərini öyrənmişdir. Hərbi hissənin komandanlığı ilə keçirilən görüşdə Azərbaycan əsgərlərinin hərbi hazırlıq səviyyəsinin yüksək olduğu, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirdikləri bildirilmişdir.
Azərbaycan nümayəndə heyətinin üzvləri əsgərlərimizin hər birinə hədiyyə təqdim etmişdir. Bundan əlavə, nazir müavini A.Əzimov əsgərlərimizin xidmət etdiyi Kabul bölgə komandanı general M.Stollsteiner ilə də görüşmüşdür.
Həmin gün A.Əzimovun Əfqanıstanın xarici işlər naziri Rəngin Dadfər Spanta və daxili işlər naziri Zərar Əhməd Moqbel ilə görüşlərində tərəfləri maraqlandıran bir çox mühüm məsələlər müzakirə edilmiş, Xarici İşlər nazirlikləri arasında təmasların artırılması, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi məqsədi ilə hökumətlərarası iqtisadi komissiyanın yaradılması, hər iki ölkənin hüquq mühafizə orqanları arasında mövcud olan əməkdaşlığın daha da gücləndirilməsi qərara alınmışdır.
Avqustun 26-da Azərbaycan nümayəndə heyətinin Əfqanıstanın Müdafiə və Səhiyyə nazirliklərində keçirdikləri görüşlər də çox səmərəli olmuşdur. Səhiyyə nazirinin müavini Fəyzulla Kakər ölkəsində səhiyyə sahəsində həyata keçirilən işlər və daha çox ehtiyac duyulan sahələr barədə məlumat vermişdir.
Əfqanıstanın mədən və sənaye naziri İbrahim Adel və iqtisadiyyat naziri Məhəmməd Cəlil Şəms ilə görüşlərdə ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmişdir. Qarşı tərəf Azərbaycanın mədən sənayesi sahəsində əldə etdiyi nailiyyətlərdən və zəngin təcrübədən faydalanmaq niyyətində olduqlarını diqqətə çatdırmışlar.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Əfqanıstan parlamentinin sədri Yünus Qanuni ilə görüşəcəkdir.