İDMAN
Azərbaycan nümayəndə heyəti Gürcüstanın olimpiyaçılarının forumunda iştirak edib
Bakı, 25 iyun, AZƏRTAC
Gürcüstan Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə bu ölkənin olimpiyaçılarının forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin unikallığı 1952-ci il Helsinki Yay Olimpiya Oyunlarından “Pxençan-2018” Qış Olimpiya Oyunlarınadək bütün olimpiadalarda uğur qazanan çempionları bir araya gətirmək, Olimpiya dəyərlərini təbliğ etməkdən ibarət olub. Həmçinin Olimpiya Gününə həsr olunmuş çempionlar arasında qaçış yarışı da təşkil edilib.
Forumda Olimpiya çempionları ilə yanaşı, Milli Olimpiya komitələrindən nümayəndələr iştirak ediblər. Azərbaycanı bu tədbirdə Olimpiya çempionu Fərid Mansurov və Azərbaycan Milli Olimpiya Komitəsinin əməkdaşı Həsənağa Rzayev təmsil ediblər.