REGİONLAR
Azərbaycan nümayəndə heyəti VII ECO Regional Toxum Ticarəti Konqresində iştirak edib
Bakı, 19 dekabr, AZƏRTAC
İqtisadi Əməkdaşlıq Təşkilatının Toxum Assosiasiyasının (ECOSA) təşəbbüsü ilə Türkiyənin Antalya şəhərində VII ECO Regional Toxum Ticarəti Konqresi keçirilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Zamil Həsənov, Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin müdir müavini Xaqani Məmmədov, Bitki sortlarının qeydiyyatı sektorunun müdiri Afaq Abbasova, Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma mərkəzinin direktor müavini Xaliq Babayev iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, konqresin əsas məqsədi ECO regionunda toxum ticarətini araşdırmaq və təşviq etmək, həmçinin toxum ticarəti siyasəti, toxum keyfiyyətinin standartları, qeydiyyat və qanunvericilik kimi mövzuları müzakirə etməkdir.
Tədbirdə təqdimatla çıxış edən AXA-nın sədr müavini Zamil Həsənov, ölkəmizdə bitki sortlarının qeydiyyatı və toxum sertifikatlaşdırma prosesi barədə ətraflı məlumat verib. Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti bir neçə ölkənin, o cümlədən İran və Türkiyə nümayəndələri ilə görüşlər keçirilib.
Görüşlərdə gələcəkdə bu sahədə təcrübə mübadiləsinin aparılması barədə müzakirələr aparılıb.