AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN NÖVBƏTİ QƏLƏBƏSİ
AZƏRTAC-ın xüsusi müxbiri Strasburqdan xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının yanvarın 25-də keçirilən iclası ingiltərəli deputat Devid Atkinsonun “AŞPA-nın Minsk qrupu tərəfindən araşdırılan Dağlıq Qarabağ münaqişəsi” mövzusunda məruzəsinin dinlənilməsi və müzakirəsi ilə öz işinə başlamışdır.
Məruzəçi çıxışının əvvəlində Avropa Şurasının yeni seçilmiş Baş katibi Terri Devisin bu məsələ ilə bağlı məruzə hazırladığını qeyd etmiş və onun gərgin zəhmətini yüksək qiymətləndirmişdir.
Devid Atkinson 2001-ci ildə Azərbaycanın və Ermənistanın Avropa Şurasına üzv qəbul edilərkən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin hər iki dövlət qarşısında bir öhdəlik kimi qoyulduğunu, 10 ildən artıq bir müddətdə BMT-nin dəstəyi ilə ATƏT-in Minsk qrupunun münaqişənin həllinə çalışsa da, əhəmiyyətli irəliləyişə nail olmadığını xatırlatmış, hazırda Avropa Şurasının məsələnin həlli istiqamətində öz standartlarına uyğun addımlar atdığını qeyd etmişdir.
Məruzəçi bildirmişdir ki, SSRİ-nin süqutundan sonra Dağlıq Qarabağ erməniləri Azərbaycan ərazisində yeni bir “dövlət” yaratmaq iddiasına düşmüş və beləliklə, iki dövlət arasında münaqişəyə səbəb olmuşlar.
1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşin kəsilməsi barədə razılıq əldə ediləndən sonra Ermənistan silahlı qüvvələrinin nəinki Dağlıq Qarabağı, hətta onun hüdudlarından kənardakı 7 Azərbaycan rayonunu işğal etdiyini xüsusi vurğulayan Devid Atkinson, Dağlıq Qarabağ ermənilərinin bu ərazidə yaşayan azərbaycanlıların iştirakı olmadan öz müqəddəratlarını təyin etmələri ilə əlaqədar referendum keçirmək istəklərinin acı nəticələr verəcəyini söyləmiş, qondarma “dövlət”in BMT, ATƏT, həmçinin Avropa Şurasının üzvü olan dövlətlər tərəfindən tanınmadığını bildirmiş, belə hərəkətin beynəlxalq normalara zidd olduğunu vurğulamışdır.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv həqiqətləri özündə əks etdirən məruzədə işğalçılıq və etnik təmizləmə siyasəti aparan Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladığı, silah gücünə öz doğma yurdlarını tərk etməyə məcbur olmuş bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi və onların ağır şəraitdə yaşadıqları, bu insanların hüquqlarının pozulduğu, Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı təmin edildikdən sonra məsələnin həllinin mümkünlüyü, Azərbaycanın dövlət suverenliyinə hörmətlə yanaşmaq prinsiplərinə əməl olunması, problemin Azərbaycan və erməni icmalarının mənafelərinin qorunması şərtilə aradan qaldırılmasının mümkünlüyü faktları açıqlanmışdır.
Münaqişənin həllinin müharibə, təcavüzkarın beynəlxalq məhkəməyə verilməsi və sülh danışıqları yollarının olduğunu deyən məruzəçi problemin çözülməsi istiqamətində dövlət başçılarının danışıqları davam etdirmələrini dəstəklədiyini bildirmişdir.
Məruzə ətrafında çıxış edən deputatlar Andre Kvakkestou (Norveç), Yevgeni Krılov (Bolqarıstan), Cüzeppe Qaburro (İtaliya), Fransua Roşebluan (Fransa), Gerd Höfer (Almaniya), Tomas Markovski (Polşa), Laçezar Toşev (Bolqarıstan), Militadis Varvitsiois (Yunanıstan), Renzo Qubert (İtaliya) bir dövlətin başqa bir dövlətin ərazisini işğal etməsinin beynəlxalq hüquq normalarına tamamilə zidd olduğunu, münaqişənin həllində kompromisli danışıqların vacibliyini, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini, problemin həllində Avropa Şurasına böyük ümid bəslədiklərini, işğal nəticəsində doğma yurdlarından qovulmuş insanların öz torpaqlarına qayıtmalarının və onlara dəymiş zərərə görə kompensasiyanın ödənilməsinin vacibliyini vurğulamış və bu sahədə beynəlxalq təşkilatları təcili tədbirlər görməyə çağırmışlar.
Əllərində tutarlı dəlil olmayan erməni deputatlar ölkəsinin işğalçılıq siyasətini pərdələmək məqsədi ilə yenidən “tarixi” faktlara əl atmış, Dağlıq Qarabağın guya heç vaxt Azərbaycanın tərkibində olmadığını iddia etməyə cəhd göstərmiş, Dağlıq Qarabağın “müstəqillik” əldə etdikdən sonra əhalinin sosial rifahının “yüksəlməsini” bəhanə gətirmişlər. A.Qagemyan isə həmkarlarından bir qədər də irəli gedərək, uydurma söyləmişdir ki, guya 1915-ci ildə Osmanlı imperiyası Azərbaycan nefti sayəsində 1,5 milyon erməniyə qarşı “soyqırımı” aktı törətmişdir.
Azərbaycanlı deputatlar bu dəfə də ermənilərə layiqli cavab vermiş, onların yalan və iftira dolu fikirlərini tarixi faktlarla təkzib etmişlər. Deputatlarımızdan Gültəkin Hacıyeva, Səməd Seyidov, Asim Mollazadə, Aydın Mirzəzadə və Naira Şahtaxtinskaya Ermənistanın işğalçılıq siyasəti aparmasını, XIX əsrdə Rusiya və İran arasında razılığa əsasən, yüz minlərlə erməninin Azərbaycana köçürüldüyünü və onların Dağlıq Qarabağ ərazisində yerləşdirildiyini, bu ərazidə yaşayan ermənilərin ətraf rayonlardakı azərbaycanlılarla müqayisədə həyat şəraitlərinin həmişə yüksək olduğunu, Sumqayıt hadisələrinin bu işdə marağı olan o zamankı SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən ələ alınmış ermənilər tərəfindən törədildiyini diqqətə çatdırmışlar.
Deputatlarımız münaqişənin həllinin yubadılmasının səbəbini erməni lobbisinin qızışdırıcı xarakterli çağırışlar etməsində, bir çox Avropa ölkələrindəki qara qüvvələrin xalqları müharibələrə təhrik etməsində gördüklərini bildirmiş, vaxtilə Ermənistan ərazisində azərbaycanlıların yığcam yaşadıqları yerlərdə nə üçün onlara muxtariyyət verilmədiyini, Azərbaycanın münaqişənin dinc yollarla həllinə üstünlük verdiyini söyləmiş, bu işdə Avropa Şurasına böyük ümid bəslədiklərini qeyd etmişlər.
Məruzə ilə bağlı qətnamə layihələrinin müzakirəsində erməni deputatların sənəddəki “separatçı” sözünün çıxarılması, münaqişənin həlli istiqamətində danışıqlarda Azərbaycan rəhbərliyi ilə bərabər, Dağlıq Qarabağın erməni nümayəndələrinin də iştirakına dair düzəliş barədə verdikləri təkliflər səsvermə zamanı keçməmişdir.
İclasda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələnin müzakirəsinin Monitorinq komitəsinə həvalə edilməsi barədə qərar çıxarılmışdır. Bu, qurumun məsələnin həllini daim diqqətdə saxlaması və hər dəfə onun müzakirəyə çıxarılmasını təmin etməsi deməkdir.
Beləliklə, Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında növbəti dəfə qələbə qazanmışdır. Nümayəndə heyətinin üzvü deputat Əli Hüseynov iclasın gedişi barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir:
- 2001-ci ildə Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ümummilli liderimiz Heydər Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində mümkün olmuşdur. Sonra bu siyasəti uzun müddət Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri olmuş İlham Əliyev uğurla davam etdirmişdir. Məhz onun məqsədyönlü fəaliyyəti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi AŞPA-da dəfələrlə müzakirə mövzusuna çevrilmişdir. Bu məsələnin AŞPA-nın qış sessiyasının bugünkü iclasında müzakirəsi də Prezident İlham Əliyev tərəfindən istiqamətləndirilmiş Azərbaycan nümayəndə heyətinin gərgin əməyinin nəticəsidir. Məhz Prezident İlham Əliyevin səyləri sayəsində nümayəndə heyətimiz formalaşmış və dövlətimizin başçısının müəyyənləşdirdiyi prinsiplər əsasında fəaliyyət göstərmiş, növbəti dəfə qələbə qazanmışdır.
X X X
Avropa Şurasında İkinci Dünya müharibəsi zamanı alman faşistləri tərəfindən təşkil edilmiş Osventsim ölüm düşərgəsində həlak olmuş müxtəlif millətlərin nümayəndələrinin xatirəsi yad edilmiş, Avropa sarayı qarşısında ucaldılmış xatirə abidəsinin təntənəli açılışı olmuşdur.
Avropa ölkələrinə səfərə çıxmış Ukraynanın yeni Prezidenti Viktor Yuşşenko günün ikinci yarısında AŞPA-nın deputatları qarşısında çıxış etmişdir.
İş gününün sonunda sessiyada İsrail və Fələstin münasibətləri, Kosovoda insan hüquqlarının vəziyyəti müzakirə olunmuşdur.
Sessiya öz işini davam etdirir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq