Azərbaycan ombudsmanı Ciddədə keçirilən tematik debatda Qarabağdakı quruculuq işləri barədə məlumat verib
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən 21-ci sessiyası çərçivəsində təşkil olunan “Biznes və insan hüquqları: Normativ baza və İƏT ölkələri üçün qaydaların tətbiqi” mövzusunda tematik debatda iştirak edib.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Səbinə Əliyeva biznes və insan hüquqları sahəsində ölkəmizdə Ombudsman təsisatı tərəfindən həyata keçirilən fəaliyyət barədə məlumat verib. O, BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinin tətbiqi ilə bağlı məsələlərə toxunaraq, ölkəmizdə bu sahədə görülən işlərdən və Ombudsman təsisatının bu sahədəki müsbət təcrübəsindən danışıb. Ötən il Azərbaycanda Ombudsman təsisatının yaradılmasının 20 illiyi münasibətilə keçirilmiş beynəlxalq konfransın məhz biznes və insan hüquqları sahəsində ombudsmanların rolu mövzusuna həsr olunduğu diqqətə çatdırılıb.
S.Əliyeva Ombudsman Aparatı tərəfindən ölkəmizdə biznes və insan hüquqları sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, “Biznes və insan hüquqları sahəsində Milli Fəaliyyət Planı”nın hazırlanması istiqamətində ardıcıl işlərin aparıldığını qeyd edib.
Ombudsman bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində infrastruktur tamamilə dağıdılaraq yararsız hala salınıb, ekosistem məhv edilib, bu səbəbdən biznes fəaliyyəti üçün də uyğun şərait olmayıb. İştirakçılara hazırda azad edilmiş ərazilərimizə təhlükəsiz qayıdışın təmin edilməsi üçün həyata keçirilən minatəmizləmə və genişmiqyaslı bərpa-quruculuq işləri barədə də məlumat verilib.
Ombudsman Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərində basdırılmış minaların partlaması nəticəsində 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonrakı dövrdə 300-dən çox şəxsin mina qurbanına çevrildiyini diqqətə çatdırıb. Eyni zamanda, Ermənistanın Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə məlumatları bu günədək təqdim etmədiyi qeyd olunub.