Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin 20 illiyi qeyd edilib
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin 20 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə cəmiyyətin üzvləri, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev, sədrin birinci müavini, deputat, akademik Əhliman Əmiraslanov, sədr müavini, deputat, Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədri, professor Eldar İbrahimov, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri, deputatlar - akademik Ziyad Səmədzadə, Ağalar Vəliyev, Aparat rəhbəri Ramin Həsənli, Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov, deputatlar - akademik Nizami Cəfərov, Məlahət İbrahimqızı, akademik Kamal Abdulla və başqaları iştirak ediblər.
Cəmiyyətin gördüyü işlər barəsində məlumat verən Eldar İbrahimov bildirib ki, Ulu Öndər Heydər Əliyevin tövsiyəsi ilə yaradılmış təşkilatın fəaliyyət dövrü ərzində əsas məqsədi Azərbaycan və Özbəkistan arasında mövcud olan dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi olub. Cəmiyyətin üzvləri arasında azərbaycanlı və özbək ictimai-siyasi və elm xadimlərinin, deputatların və digər ziyalıların yer aldığını qeyd edən natiqin sözlərinə görə, təşkilat yalnız mədəni tədbirlər keçirməklə kifayətlənməyərək, qardaş ölkələrin həyatında baş verən hadisələrə də öz münasibətini bildirib. Təşkilatın gələcək planlarından bəhs edən Eldar İbrahimov, həmçinin cəmiyyətin üzvlərini 20 illik yubiley münasibətilə təbrik edib. Vurğulayıb ki, bundan sonra da hər iki ölkənin xalqları arasındakı sarsılmaz dostluq əlaqələrinin daha da möhkəmlənməsi və inkişafı yolunda əlimizdən gələni əsirgəməyəcəyik.
Tədbirdə çıxış edən Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov, akademiklər - Nizami Cəfərov, Kamal Abdulla və başqaları qeyd ediblər ki, Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti ötən 20 il ərzində nüfuzlu ictimai bir qurum kimi iki qardaş ölkə arasındakı münasibətlərə öz layiqli töhfəsini verib. Diqqətə çatdırılıb ki, keçirilən tədbir hər iki xalqın həyatında mühüm hadisədir və Azərbaycanla Özbəkistan arasındakı ikitərəfli əlaqələrin inkişafına yeni impuls verir.
Tədbir çıxışlarla davam edib. Daha sonra Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvləri təsdiqlənib.
Qeyd edək ki, Milli Məclisin deputatı Eldar İbrahimov İdarə Heyətinin sədri, Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov və Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla cəmiyyətin həmsədri olub. Zemfira Kadırova icraçı direktor, Milli Məclisin deputatları Əhliman Əmiraslanov, Eldar Quliyev, Ziyad Səmədzadə, Nizami Cəfərov, Ziyafət Əsgərov, Musa Quliyev, Ağalar Vəliyev, Cavanşir Paşazadə, Elman Nəsirov, Hikmət Məmmədov, Sabir Bəhramov, Elçin Kadırov, Kənan Cəlilov, Hasan Movlyanov, Şirin Məlikov, Xanlar Əhmədov, Rafiq Kaşanlı və Nuridə Novruzova İdarə Heyətinin üzvləri seçiliblər.