AZƏRBAYCAN PARLAMENT NЬMAYƏNDƏ HEYƏTİ ESTONİYADA SƏFƏRDƏDİR
Milli Məclisin mətbuat katibi Akif Nəsirovun verdiyi məlumatda deyilir ki, Tallinn hava limanında Azərbaycan parlament nümayəndə heyətini bu ölkənin rəsmi şəxsləri, Estoniyadakı Azərbaycan diasporunun üzvləri və milli geyimli uşaqlar mehribanlıqla qarşılamışlar.
Elə həmin gьn Milli Məclisin sədri Oqtay Əsədov Estoniya Respublikası parlamentinin sədri Tumas Vareklə görüşmüşdür. Görüşdə Azərbaycan-Estoniya ikitərəfli münasibətlərinin bütün istiqamətlərdə daha da inkişaf etdirilməsi xüsusilə diqqət mərkəzində olmuşdur. Qeyd edilmişdir ki, iki ölkə arasında əlaqələrin daha da genişlənməsi və dərinləşməsi üçün hər cür potensial imkan var və bu imkanlardan səmərəli istifadə olunması Azərbaycan-Estoniya münasibətlərinə böyük töhfə verə bilər. Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafından, bu işdə hər iki ölkənin parlamentində yaradılmış dostluq qruplarının rolundan və fəaliyyətindən də bəhs olunmuşdur.
Görüşdə Estoniya-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Eldar Əfəndiyev iştirak etmişdir.
Görüşdən sonra Oqtay Əsədov Estoniya milli televiziyasına müsahibə vermiş, jurnalistin Azərbaycan-Estoniya münasibətləri, Azərbaycanın iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən irimiqyaslı iqtisadi layihələr və Avropa Şurası ölkələri parlament sədrlərinin Tallinn sammiti ilə bağlı suallarını cavablandırmışdır.
Sonra Tallinn şəhər muzeyində Azərbaycanın 28 May – Respublika gününə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Azərbaycan diasporunun təşkil etdiyi tədbirdə Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti də iştirak etmişdir. Tədbir iştirakçıları Respublika gününə həsr olunmuş sərgiyə baxmışlar. Ölkəmizin milli mənəvi tarixini və islami dəyərlərini əks etdirən sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və diqqətlə izlənmişdir.
Hər iki ölkənin milli geyimli uşaqları Azərbaycanın və Estoniyanın dövlət himnlərini ifa etmişlər. 28 May – Respublika gününə həsr olunmuş toplantıda Türkiyə Böyük Millət Məclisinin, Türkiyənin Estoniyadakı səfirliyinin, Estoniya ictimaiyyətinin nümayəndələri, bu ölkənin təhsil və mədəniyyət nazirləri də iştirak etmişlər.
Bayram münasibətilə Azərbaycan dövlətinin və xalqımızın ünvanına təbriklər və xoş arzular ifadə olunmuşdur.
Milli Məclisin sədri Oqtay Əsədov mərasimdə çıxış edərək, Şərqdə ilk demokratik dövlətini quran Azərbaycanın keçdiyi şərəfli tarixi yolu bir daha təhlil etmişdir. Azərbaycan parlamentinin rəhbəri ötən əsrin 90-cı illərinin əvvəllində yenidən müstəqilliyinə qovuşmuş цlkəmizin gündən-günə inkişaf edərək, dünya dövlətləri sırasında layiqli yer tutduğunu diqqətə çatdırmış, dövlət müstəqilliyimizin əbədi və dönməzliyinin təminatçısı olan ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasət kursunun bu gün Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirildiyini xüsusi vurğulamışdır. Azərbaycan-Estoniya əlaqələrinə toxunan Oqtay Əsədov, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.
“Estoniya-Azərbaycan icması” kitabının təqdimat mərasimi 28 May – Respublika gьnьnə hədiyyə olmuşdur. Bu kitabda Estoniyadakı Azərbaycan icmasının fəaliyyəti geniş əks olunmuşdur. Təqdimat mərasimində Azərbaycan parlament nьmayəndə heyəti də iştirak etmişdir.
Mayın 29-da Türkiyə Böyük Millət Məclisi sədrinin müavini İsmayıl Alptekin və Türkiyə Respublikasının Estoniyadakı səfiri xanım Fatma Sule Soysalın adından Azərbaycan parlament nümayəndə heyətinin şərəfinə ziyafət verilmişdir.