AZƏRBAYCAN PARLAMENTİ NÜMAYƏNDƏ HEYƏTİNİN İŞGÜZAR SƏFƏRİ MƏHSULDAR OLMUŞDUR
Görüşdə latviyalı deputatlar ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini söylədilər. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirdilər. Deputat Arvinds Ulme ermənilərin Azərbaycan torpaqlarında törətdiyi vəhşilikləri insanlığa qarşı təcavüz adlandırdı, beynəlxalq qurumların bu məsələdə hələ də düzgün, ədalətli mövqe tutmadıqlarını təəssüflə bildirdi.
Milli Məclisin sədri Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq işinə dəstək verdiklərinə görə Latviya dövlətinə və onun parlamentinə təşəkkürünü bildirdi. Oqtay Əsədov Azərbaycan-Latviya əlaqələrinin və parlamentlərarası münasibətlərin dostluq qrupları çərçivəsində, eləcə də hər iki ölkənin qanunvericilik orqanları arasında qarşılıqlı münasibətlərin daha da genişlənməsinin zəruriliyi barədə fikirlərini açıqladı.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Azərbaycan və Latviya parlamentlərinin aparatları arasında da əməkdaşlığın qurulmasını vacib saydı.
Milli Məclisin üzvü Gültəkin Hacıyeva Azərbaycan səfirliyinin Baltikyanı ölkələr içərisində ilk dəfə Riqada açılmasını ölkələrimizin bir-birinə olan xüsusi marağının təzahürü olduğunu söylədi.
Görüşdə iqtisadi, siyasi, mədəni, aqrar, turizm və digər sahələrdə əlaqələrin inkişafı üçün potensial imkanların olduğu bildirildi və bu səfərin ikitərəfli əlaqələrə yeni impuls verəcəyinə inam ifadə olundu.
Nümayəndə heyətimizin Latviya parlamentində görüşləri başa çatdıqdan sonra Milli Məclisin sədri Oqtay Əsədov Latviyanın mərkəzi televiziyasına – LTV-1 telekanalına müsahibə verdi. Parlamentimizin sədri müxbirin Latviya-Azərbaycan əlaqələrinin inkişafı, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti, ikitərəfli iqtisadi münasibətlər və digər məsələlər barədə suallarını cavablandırdı.
Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Latviyaya səfəri çərçivəsində bir sıra tədbirlərdə iştirak etdi. Azərbaycanın Latviya Respublikasındakı səfirliyi və Latviya Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Yurmala şəhərində birgə təşkil edilmiş Latviyada yaşayan əlil uşaqlar üçün xeyriyyə konserti tədbir iştirakçılarının xatirəsində dərin izlər buraxdı. Azərbaycan Respublikası Uşaq Dövlət Filarmoniyası və Latviya Respublikasının Uşaq Musiqi Məktəbinin birgə nümayiş etdirdiyi konsert proqramı mədəni əlaqələrimizin inkişafına əsil töhfə oldu. Konsertə gələn azərbaycanlı və latviyalı qonaqlar bu cür tədbirlərin əhəmiyyətini çox yüksək qiymətləndirdilər.
Milli Məclisin sədri Oqtay Əsədov və nümayəndə heyətinin üzvləri Azərbaycan Respublikasının Latviyadakı səfirliyinə gələrək əməkdaşların iş şəraiti ilə tanış oldular. Milli Məclisin sədri Oqtay Əsədov səfirliyin kollektivinə uğurlar arzuladı, təklif və tövsiyələrini söylədi.
Səfirliyə Bakı mənzərəsini əks etdirən rəsm əsəri hədiyyə olundu.
Beləliklə, Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin Avropa ölkələri parlament sədrlərinin Tallinn görüşündə iştirak etmək üçün Estoniyaya, Finlandiya parlamentinin 100-cü ildönümünə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün Helsinki şəhərinə və Latviyaya işgüzar səfərləri iyunun 4-də başa çatdı.
Elə həmin gün axşam nümayəndə heyəti Riqadan Bakıya yola düşdü.