Azərbaycan poçtunun növbəti uğuru – Qızıl səviyyəli sertifikat
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan poçtu göstərdiyi xidmətin keyfiyyətinə görə növbəti dəfə qızıl səviyyəli sertifikata layiq görülüb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, Dünya Poçt İttifaqının (ÜPİ) EMS (Ekspress Mail Servis - Sürətli Poçt Xidmətləri) Korporasiyasının üzvü olan ölkələrin göstərdiyi poçt xidmətlərinin keyfiyyətini ölçmək üçün hər il bir sıra kriterilər müəyyən edilir və bu kriterilər üzrə ilin yekunlarına görə keyfiyyət göstəriciləri müqayisə olunur. Aparılan müqayisənin nəticələrinə görə, ən yüksək faiz göstəricilərinə nail olan ölkələrə qızıl, gümüş və bürünc səviyyəli keyfiyyət sertifikatları verilir.
Azərbaycanın EMS xidmətləri göstərən “Azərekspresspoçt” müəssisəsi bu vaxta qədər 1 bürünc, 2 gümüş, 7 qızıl səviyyəli sertifikata layiq görülüb. Son 2 ildə ÜPİ tərəfindən qoyulan tələblərin sərtləşdirilməsi, yeni-yeni keyfiyyət kriterilərinin əlavə edilməsi səbəbindən qızıl səviyyəli sertifikatı əldə etmək mümkün olmamışdı. Lakin 2014-cü ildə “Azərpoçt” MMC tərəfindən aparılan məqsədyönlü işlər, görülən əlavə tədbirlər, xidmətin keyfiyyətinin yaxşılaşdırılması, göndərişlərin nəzərdə tutulan vaxt çərçivəsində çatdırılması istiqamətində, eləcə də müştərilərlə münasibətlərin tənzimləndirilməsi üzrə görülən əlavə tədbirlərin nəticəsində Azərbaycan 200 ölkə arasında 4-cü yeri tutmaqla növbəti dəfə qızıl səviyyəli sertifikata layiq görülüb. Qiymətləndirmə ÜPİ-yə aid olmayan müstəqil audit şirkəti tərəfindən aparılıb.
Qeyd edək ki, aprelin 15-dən mayın 5-dək Dünya Poçt İttifaqının yaz sessiyası keçiriləcək. Bu sessiya çərçivəsində aprelin 22-də EMS Korporasiyasının ümumi yığıncağı təşkil olunacaq. Yığıncaqda mükafat əldə edən ölkələrə, o cümlədən Azərbaycana qızıl səviyyəli sertifikat təqdim ediləcək.