Azərbaycan polisi milli təhlükəsizliyin və suverenliyin müdafiəsində mühüm rol oynayır ŞƏRH
Bakı, 2 iyul, AZƏRTAC
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl hüquqi islahatlar, təhlükəsizlik siyasəti və dövlət idarəçiliyinin təkmilləşdirilməsi nəticəsində Azərbaycan bu gün dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bu uğurun əldə edilməsində Azərbaycan polisinin fəaliyyəti müstəsna əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev söyləyib.
O bildirib ki, Azərbaycan polisi dövlətçiliyimizin möhkəm dayaqlarından biri, ictimai-siyasi sabitliyin, hüquq qaydasının və vətəndaş təhlükəsizliyinin etibarlı təminatçısıdır. Polis əməkdaşları gecə-gündüz, bayram və istirahət günləri fərqi qoymadan 24 saat fasiləsiz xidmət göstərərək cəmiyyətin əmin-amanlığını qoruyur, cinayətkarlığa qarşı qətiyyətlə mübarizə aparır, vətəndaşların hüquq və qanuni mənafelərinin müdafiəsini təmin edir. Bu fədakar xidmət sayəsində insanlar özlərini təhlükəsiz hiss edir və dövlətə olan inam daha da möhkəmlənir. Məhz buna görə bu gün Bakı dünyanın ən təhlükəsiz şəhərləri sırasındadır. Bunun səbəbi təkcə cinayət statistikası deyil, həm də insanların gündəlik həyatda hiss etdiyi təhlükəsizlik mühitidir.
“Məsələn, Paris uzun illərdir turistlərə qarşı cibgirlik, çanta və şəxsi əşyaların oğurluğu ilə bağlı Avropanın ən problemli şəhərlərindən biri hesab olunur. Xüsusilə Eyfel qülləsi, Luvr Muzeyi, Şanzelize prospekti və metro xətlərində vətəndaşlar və turistlər dəfələrlə bu cür hallarla üzləşiblər. Yaxud Brüssel və Amsterdam Avropada narkotik qaçaqmalçılığı və transmilli mütəşəkkil cinayətkarlıqla bağlı silahlı insidentlərin baş verdiyi mərkəzlər sırasındadır. London da isə bıçaqlı hücumlar, küçə soyğunçuluğu, mobil telefonların və saatların oğurlanması hər kəsi ciddi narahat edir. Bu barədə London polisinə müraciət edəndə isə çox qəribə vəziyyətlə üzləşirsən. Ya sənin müraciətinə ümumiyyətlə baxılmır, ya da deyirlər ki, küçədə gedəndə telefonu gizli yerdə saxla və çalış ki, oğurlamasınlar. Ona görə də bu gün Londona gedən şəxsin ilk sualı belə olur: “şəhərin hansı ərazisi nisbətən daha təhlükəsiz hesab olunur?” Mən Vaşinqtonu, Nyu-Yorku, San Fransiskonu hələ demirəm, günün günorta çağı avtomobillərin şüşələrini qırıb içindəki əşyaların oğurlanması, mağazaların talan edilməsi, cibgirlik baş alıb gedir. Cənubi Amerika ölkələrinin bir çox şəhərlərində isə silahlı polislər tərəfindən mühafizə olmadan ümumiyyətlə, şəhərə çıxmaq riskli hesab olunur. Ancaq bu gün həm vətəndaşlarımız, həm də turistlər Bakıda istədikləri vaxt rahat və təhlükəsiz şəkildə gəzə bilərlər. Məncə, bu çox böyük üstünlükdür, hətta deyərdim ki, ölkəmiz üçün çox böyük nemətdir”, - deyə deputat qeyd edib.
O bildirib ki, Azərbaycan polisi yalnız daxili asayişin keşiyində dayanan hüquq-mühafizə orqanı deyil, eyni zamanda, dövlətimizin milli təhlükəsizliyinin və suverenliyinin müdafiəsində mühüm rol oynayan dövlət qurumudur. 44 günlük Vətən müharibəsi zamanı daxili qoşunlar və polis əməkdaşları digər güc strukturları ilə çiyin-çiyinə döyüşərək yüksək peşəkarlıq, mərdlik və vətənpərvərlik nümayiş etdirdilər.
Əminəm ki, Azərbaycan polisi bundan sonra da Prezident İlham Əliyevin müəyyən etdiyi təhlükəsizlik strategiyasına sadiq qalaraq dövlətçiliyimizin, xalqımızın və milli maraqlarımızın keşiyində eyni əzmkarlıq və peşəkarlıqla dayanacaq”, - deyə A.Quliyev əlavə edib.