AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN MİSİRƏ SƏFƏRİ DAVAM EDİR
Bir saata yaxın çəkən görüş səmimilik şəraitində keçdi. Azərbaycan Prezidenti müstəqil respublikamızın həyatı və hazırkı vəziyyəti barədə Misir rəhbərinə ətraflı məlumat verdi. Misir Prezidenti ölkələrimiz arasında hərtərəfli əlaqələri inkişaf etdirmək üçün onun tərəfindən bütün zəruri tədbirlərin görüləcəyini bildirdi. Azərbaycanın ərazi bütövlüyünün qorunması, ölkəmizin işğal olunmuş torpaqlarının azad edilməsi üçün Misirin beynəlxalq hüquq normaları əsasında daha fəal siyasət yeridəcəyini vurğuladı. Görüşdə Heydər Əliyevin Misir Ərəb Respublikasına qarşıdakı rəsmi səfərinin Azərbaycan-Misir münasibətlərinin inkişaf etdirilməsində böyük rol oynayacağı qeyd olundu. Misir Prezidenti Azərbaycana rəsmi görüşə gəlmək barədə Heydər Əliyevin dəvətini minnətdarlıq hissi ilə qarşıladı və münasib vaxtda bu dəvətdən istifadə edəcəyini bildirdi.
Sentyabrın 6-da Azərbaycan dövlətinin başçısı Pakistanın Baş naziri Bənazir Bhutto ilə görüşdü. Heydər Əliyev Azərbaycan-Pakistan münasibətlərinin inkişafına ölkəmizdə xüsusi əhəmiyyət verildiyini söylədi, Pakistanın müstəqil Azərbaycanın istiqlaliyyətini tanımış ilk dövlətlərdən biri olduğunu və ölkələrimiz arasında mehriban dostluq münasibətləri yarandığını razılıq hissi ilə qeyd etdi. Söhbət zamanı münasibətlərin inkişaf etdirilməsi imkanları və başqa məsələlər barədə fikir mübadiləsi aparıldı.
Günün ikinci yarısında Azərbaycan Prezidenti Heydər Əliyev Misirdəki ABŞ Ticarət Palatasının nümayəndələri ilə görüşdü. Görüşdə Amerika konqresmenləri və senatorları, diplomatlar da iştirak edirdilər. Heydər Əliyev respublikamızdakı ictimai-iqtisadi vəziyyət, Azərbaycanın seçdiyi inkişaf yolu, ölkəmizin xarici investisiyalara maraq göstərməsi və başqa məsələlər barədə ətraflı söhbət açdı. Xarici investorlar üçün Azərbaycanda hansı güzəştlərin olması, ölkəmizdə onların fəalliyyəti və sərmayələrin qorunması üçün yaradılan şərait iş adamlarını daha çox maraqlandırdı. Azərbaycan Prezidenti Xəzərdəki neft yataqlarının birgə işlənməsi barədə Qərbin neft şirkətləri konsorsiumu ilə imzalanacaq müqaviləni bu baxımdan bir nümunə kimi xatırlatdı və ölkəmizdə investisiyaların qorunması, xarici iş adamlarının fəaliyyəti üçün hər cür şərait yaradılacağını söylədi.
Azərbaycan Prezidenti Heydər Əliyevin Misirə səfəri davam edir.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə