AZƏRBAYCAN PREZİDENTİ HİRKAN MİLLİ PARKININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sentyabrın 8-də Lənkəranda Hirkan Milli parkının açılış mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Mərasimə toplaşanlar dövlətimizin başçısını böyük səmimiyyətlə qarşıladılar.
Prezident İlham Əliyev Milli parkın rəmzi açılışını bildirən qırmızı lenti kəsdi. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov dövlətimizin başçısına məlumat verdi ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 fevral tarixli Sərəncamı ilə yaradılmış Hirkan Milli parkı Lənkəran və Astara rayonlarının ərazisində yerləşir. Parkın sahəsi 21435 hektardır. Onun yaradılmasından əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şərait yaratmaqdır. Hirkan Milli parkının ərazisinin çox hissəsini meşələr, sıra dağlar əhatə edir. Buranın yayı quraq, payızı rütubətli, qışı isə mülayimdir. Park bitkilərin növ zənginliyinə görə Qafqazda birinci yeri tutur. Bunların əksəriyyətinin adı Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmişdir. Ərazidə kökü kəsilməkdə olan müxtəlif heyvanlar vardır. Ümumiyyətlə, ərazinin bitki aləminin zənginliyi burada çoxsaylı heyvanların yaşaması üçün əlverişlidir. Burada bəbir, xallı maral, vaşaq, porsuq, çöl donuzu, cüyür, yenot və digər heyvanlara rast gəlmək olar. Hirkan Milli parkı özünün nadir təbiət abidələri ilə də məşhurdur. Burada 100-dən çox təbiət və mədəniyyət abidəsi var.