AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ-IN ALMAN MARŞALL FONDUNUN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Prezident sarayında ABŞ-ın Alman Marşall Fondunun nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı qonaqların Bakıda bir sıra görüşlər keçirəcəkləri barədə məlumatı olduğunu bildirərək dedi ki, əlaqələrimizin genişləndirilməsi baxımından Azərbaycana səfəriniz çox önəmlidir. Alman Marşall Fondu ilə əlaqələrimiz uzun müddətdir davam edir. Onun nümayəndələri ilə Bakıda və ölkədən kənarda bir neçə dəfə görüşlər keçirmişəm. Bu görüşlər zamanı ölkəmizdə, regionda vəziyyətlə, beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparmışıq.
Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, indiki nümayəndə heyətinə daxil olan mətbuat təmsilçilərinin də Azərbaycanda gedən inkişafı görmək imkanı olacaqdır. Dövlətimizin başçısı dedi ki, çünki öz gözünlə görmək, daim eşitməkdən daha yaxşıdır. Öz təəssüratlarınıza malik olsanız, ölkədə gedən proseslər, islahatların sürəti, regional inkişaf, ümumi vəziyyət baxımından burada baş verən hadisələrin əhəmiyyəti barədə mühakimə yürüdə biləcəksiniz. Hesab edirəm ki, səfəriniz fikir mübadiləsi aparılması üçün gözəl imkan yaradır.
Fondun Ankara ofisinin direktoru Suat Kiniklioğlu nümayəndə heyətinin adından çıxış edərək dedi ki, bir müddətdir Alman Marşall Fondu Qara dəniz və Qafqaz regionu ilə əməkdaşlıq edir. Parlament seçkiləri yaxınlaşdığına görə, fikirləşdik ki, Amerika və Avropa jurnalistlərinin bir qrupunu nümayəndə heyətinin tərkibində Azərbaycana gətirək, onlar ölkənizdə gedən prosesləri daha dərindən dərk etsinlər, Azərbaycanı Qərb dünyasına daha yaxşı tanıtsınlar.