AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AFİNADA “LİDER” TELEVİZİYASINA MÜSAHİBƏ VERMİŞDİR
- Azərbaycan müstəqil dövlət kimi üçüncü dəfədir ki, Yay Olimpiya oyunlarında iştirak edir. Hər bir qələbəmiz, hər bir uğurlu çıxışımız hər bir Azərbaycan vətəndaşını sevindirir. O cümlədən mən də, tutduğum vəzifədən asılı olmayaraq, həmişə Azərbaycan idmanına böyük diqqətlə yanaşmışam. Çünki bu, təkcə idman deyil, həm də ölkənin şöhrətidir, ölkənin dünyada tutduğu yeridir. Ümid edirəm ki, bizim idmançılarımız bu dəfə də xalqımızı sevindirəcək, ölkəmizi ləyaqətlə təmsil edəcəklər.
SUAL: Cənab Prezident, ümumiyyətlə, dünyada Azərbaycanın imicinin formalaşdırılmasında, yüksəldilməsində idmanın yerini necə görürsünüz?
CAVAB: Əlbəttə, bu işdə idmanın yeri çox önəmlidir. Azərbaycan burada, mədəni Olimpiadada fəal iştirak edir. Bilirsiniz ki, Afinada “Azərbaycan günü” keçiriləcəkdir. 2000-ci ildə də biz Sidneydə “Azərbaycan günü”nü keçirmişdik, çalışdıq ki, Azərbaycan haqqında məlumat iştirakçılara çox dolğun şəkildə çatdırılsın. Bu dəfə də “Azərbaycan günü”nün keçirilməsinə xüsusi önəm veririk. Ümid edirik ki, çoxlu qonaqlar olacaq və onlar Azərbaycanla, ölkəmizin müasir reallıqları ilə tanış olacaqlar.