AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BEYNƏLXALQ GÜLƏŞ FEDERASİYALARI ASSOSİASİYASININ PREZİDENTİ RAFAEL MARTİNETTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Prezident sarayında Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinettini qəbul etmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdiklərini bildirən cənab Rafael Martinetti Azərbaycanda idman sahəsində böyük işlər görüldüyünü söylədi. Azərbaycanın özünün ikinci ölkəsi olduğunu vurğulayan qonaq 2007-ci ildə Bakıda keçiriləcək sərbəst güləş və yunan-Roma güləşi üzrə dünya çempionatına hazırlıq işləri ilə tanış olduğunu və bu çempionatın böyük müvəffəqiyyətlə keçəcəyinə əminliyini bildirdi.
Azərbaycanda idman sahəsində böyük işlər görüldüyünü vurğulayan Prezident İlham Əliyev Beynəlxalq Voleybol Federasiyasının “Qran-Pri” turnirinin Avropa təsnifat mərhələsi yarışlarının Azərbaycanda, xüsusilə Qubadakı Olimpiya İdman Kompleksində keçirilməsinin böyük əhəmiyyət daşıdığını və bu yarışların respublikamızda, o cümlədən regionlarda idmanın inkişafına böyük töhfə verdiyini bildirdi.
2007-ci ildə Bakıda keçiriləcək sərbəst güləş və yunan-Roma güləşi üzrə dünya çempionatına böyük hazırlıq işləri görüldüyünü nəzərə çarpdıran dövlətimizin başçısı bunun Azərbaycanda ilk dünya çempionatı olacağını məmnunluqla vurğuladı. Bu il oktyabrın 3-9-da bədii gimnastika üzrə dünya çempionatının da Bakıda keçiriləcəyini xatırladan Prezident İlham Əliyev bu beynəlxalq idman yarışlarının ölkəmizdə təşkilinin Azərbaycanın idman sahəsində böyük uğurlar qazanmasının təzahürü kimi qiymətləndirdi.