RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV CƏLİLABAD RAYONUNA GƏLMİŞDİR
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Masallıdan Cəlilabad rayonuna gəlmişdir.
Prezident İlham Əliyev əvvəlcə avtovağzalın yenidən qurulan binası ilə tanış oldu. Dövlətimizin başçısına məlumat verildi ki, 1982-ci ildə tikilmiş ikimərtəbəli bu avtovağzal binası son beş ay ərzində tamamilə yenidən qurulmuşdur. Bu işlər Prezidentin tapşırığına əsasən rayonda aparılan abadlıq işləri çərçivəsində görülmüşdür. Avtovağzaldan gün ərzində 400-500 sərnişin yola salmaq mümkündür. Hər gün 30-40 avtobus respublikanın müxtəlif bölgələrinə sərnişin daşıyır. Binada sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq, təxminən iki ay ərzində bütün işlər başa çatdırılacaqdır. Hazırda Ələt-Astara avtomobil yolunun bir hissəsi əsaslı təmir olunmuş, Cəlilabad şəhəri ərazisindən keçən hissə genişləndirilmiş, yolun kənarındakı yöndəmsiz tikililərin yerində milli üslubda yeni binalar inşa olunmuş, işıqlandırma sistemi yenidən qurulmuşdur.
Məlumat verildi ki, hazırda şəhərdə Heydər Əliyev seyrəngahının, ulu öndərin adını daşıyacaq muzeyin, parkın, habelə məktəbin və yeni iş yerlərinin açılacağı beş obyektin tikintisi davam etdirilir. Bildirildi ki, ötən əsrin 70-80-ci illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin sayəsində Cəlilabadın siması tamamilə dəyişmişdi və hazırda Prezidentin diqqət və qayğısı nəticəsində rayon yeni inkişaf dövrünü yaşayır.
Prezident İlham Əliyev rayonda tikilmiş və inşası davam etdirilən obyektlərin layihələri və fotoşəkilləri ilə tanış oldu, bütün işlərin vaxtında və yüksək keyfiyyətlə görülməsinin zəruriliyini vurğuladı. Dövlətimizin başçısı dedi ki, həqiqətən də 1970-80-ci illərdə Cəlilabad dirçəlişdə idi və indi də inkişaf etmiş ən qabaqcıl rayonlardan olacaqdır.