AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ÇİNİN ÖLKƏMİZDƏKİ SƏFİRİ ÇJAN SİYUNU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Prezident sarayında Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çjan Siyunu Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Vaxt ayırıb onu qəbul etdiyinə görə dövlətimizin başçısına təşəkkür edən səfir Çjan Siyun dedi: Cənab Prezident, Ümumçin Xalq Nümayəndələri Məclisinin qərarına əsasən, ÇXR-in Sədri məni geri çağıraraq, Azərbaycana yeni səfir təyin etmək fikrindədir. ÇXR-in Sədri onun səmimi salamlarını, ən xoş arzularını, habelə Azərbaycan ilə Çin arasında əlaqələrin inkişaf etdirilməsinə, xüsusilə fəaliyyətimdə mənə göstərdiyiniz diqqətə görə minnətdarlığını Sizə çatdırmağımı tapşırmışdır. Ümid edirəm ki, Siz yeni səfirimizə də eyni diqqəti göstərəcəksiniz. Eyni zamanda, Çin hökuməti Tayvan, Tibet məsələlərində göstərdiyiniz dəstəyə, habelə BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasında bizim mövqeyimizə oxşar mövqe nümayiş etdirdiyinizə görə də Sizə təşəkkür edir.
Azərbaycandakı fəaliyyətinin ölkələrimizin bütün sahələrdə münasibətlərinin dinamik inkişaf dövrünə təsadüf etdiyini vurğulayan diplomat bildirdi ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri zamanı hər iki ölkənin rəhbərləri son illər ərzində ikitərəfli münasibətlərin inkişafını, əldə edilmiş uğurları müsbət qiymətləndirmişlər. Mən bir neçə rəqəmi qeyd etmək istərdim. 2002-ci ildə mən ölkənizə gələndə burada yalnız 1 nəfər çinli tələbə var idi, indi isə onların sayı 180-dir. İkitərəfli ticarət əlaqələrinin həcmi təxminən 15 milyon ABŞ dolları idi, indi isə 300 milyon dollara çatmışdır. Azərbaycanda Çin sərmayələrinin məbləği 2 milyon dollar idi, indi isə təxminən 300 milyon dollar səviyyəsindədir.
Ölkələrimiz arasında əməkdaşlığın yalnız siyasi və iqtisadi müstəvidə deyil, digər sahələrdə, o cümlədən humanitar sahədə də inkişaf etdiyini söyləyən səfir dedi ki, ümidvaram, Azərbaycan iqtisadiyyatının güclü inkişafı Çinin burada daha geniş əməkdaşlığına imkan yaradacaqdır. Cənab Prezident, mənə göstərdiyiniz diqqətə görə Sizə bir daha təşəkkürümü bildirirəm. İndi məndə iki hiss var. Üzərimə düşən işin yerinə yetirilməsindən doğan məmnunluq hissi və buradan getməyimlə bağlı dərin təəssüf hissi. Bakıda işlədiyim müddətdə istər özüm, istərsə də ölkəmiz üçün çoxlu dost qazanmışam. İndi isə gözəl bir xalqı, təbiəti, güclü inkişaf edən iqtisadiyyata malik, gözəl dənizi olan bir ölkəni tərk etməli oluram. Lakin fikirləşirəm ki, dostlarımı, bu ölkəni heç vaxt unutmayacaq və imkan taparaq daim buraya rəsmi şəxs kimi olmasa da, turist kimi gələcəyəm. Cənab Prezident, bir daha Sizə dərin təşəkkürümü bildirirəm.
Prezident İlham Əliyev səfirə müraciətlə dedi ki, ilk növbədə sizə işinizə görə təşəkkür etmək istərdim. Siyasi, iqtisadi əlaqələrimizin inkişafı, ticarət dövriyyəsinin artması, Çin şirkətlərinin ölkəmizə kapital qoyuluşları ilə bağlı dediklərinizdə sizin işinizin və əməyinizin böyük payı vardır. Dövlətlərarası münasibətlərdə səfirin fəaliyyətindən çox şey asılıdır. Buna görə də sizə təşəkkürümü bildirmək, xoş hisslərimi ifadə etmək istərdim. Bizim münasibətlərimiz çox konstruktiv, müsbət olmuşdur. Burada işlədiyiniz illər ərzində sizinlə ünsiyyətdə olmaq mənim üçün xoş olmuşdur. Gələcək işinizdə sizə uğurlar arzulayıram. Biz də həmişə sizi xatırlayacaq və daim ölkəmizdə əziz qonaq kimi gözləyəcəyik.
Ölkələrimizin ikitərəfli əlaqələrinin inkişafından razılığını söyləyən dövlətimizin başçısı vurğuladı ki, Çinə səfəri, imzalanmış sənədlər bir daha bu əlaqələrin dinamik xarakterini göstərir. Çin Xalq Respublikasının Sədri ilə apardığım danışıqlar bir çox məsələlərdə mövqelərimizin üst-üstə düşdüyünü, Tayvan və Tibet məsələlərində, Azərbaycanın ərazi bütövlüyü məsələsində qarşılıqlı dəstəyin olduğunu, beynəlxalq təşkilatlarda bir-birimizi dəstəklədiyimizi göstərdi. ÇXR-in Sədri cənab Xu Szintaoya, Dövlət Şurasının sədrinə, habelə ölkənizdə olarkən görüşdüyüm digər rəsmi şəxslərə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm.
Çinin çox böyük templə inkişaf etməsinin dərin təəssürat yaratdığını bildirən Prezident İlham Əliyev dedi ki, əminik ki, gələcəkdə Çin öz potensialını daha da artıracaq, beynəlxalq münasibətlərin mühüm subyekti kimi mövqelərini daha da möhkəmləndirəcəkdir. Çinin dostları kimi biz bundan çox məmnunuq. Ümid edirəm ki, siyasi, iqtisadi və mədəni sahədə münasibətlərimiz gələcəkdə də fəal surətdə inkişaf edəcək, Çinin ölkəmizə kapital qoyuluşunun həcmi, ticarət dövriyyəsi artacaqdır. Nəticədə ölkələrimiz bir-birinə daha da yaxın olacaqlar. Eyni zamanda ümid edirəm ki, ölkənizin yeni səfiri sizin işinizi davam etdirəcək və o da bizimlə, cəmiyyətlə sıx əlaqədə fəaliyyət göstərəcəkdir. Bu, çox vacibdir. Bir daha sizə öz təşəkkürümü bildirirəm. Sizə, ailənizə ən xoş diləklərimi çatdırır, gələcək işinizdə uğurlar arzulayıram. Sizi Azərbaycanda görməyimizə daim şad olacağıq.