AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV DAĞISTANLI YAZIÇI-TƏDQİQATÇI MURAD ACİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Prezident sarayında dağıstanlı yazıçı-tədqiqatçı, türkdilli xalqların tarixinin araşdırıcısı Murad Acini qəbul etmişdir.
Dövlətimizin başçısı dedi ki, siz tarixi həqiqətlərin üzə çıxarılması üçün fəal yaradıcılıq işləri aparırsınız. Türk dünyasının qədim tarixi vardır, türkdilli ölkələrin əməkdaşlığının möhkəmlənməsi böyük əhəmiyyətə, potensiala malikdir. Müasir dövrdə bu ölkələrin siyasi, iqtisadi və mədəni əlaqələrinin genişlənməsi və möhkəmlənməsi böyük əhəmiyyət kəsb edir. Türkdilli xalqların müştərək tarixinin dərindən öyrənilməsi çox vacibdir və bu baxımdan sizin fəaliyyətiniz, müəllifi olduğunuz “Türklər və dünya” kitabı böyük önəm daşıyır.
Cənab Murad Aci bildirdi ki, Naxçıvan Muxtar Respublikasında Gəmiqayada aparılan axtarışların nəticələri bizim gözlədiyimizdən də ciddi oldu. Nuh əfsanəsi türk köklərinə malikdir. Bu baxımdan, Naxçıvan tədqiqatlar üçün çox mühüm və nadir bir yerdir. Bütün bunlar Azərbaycanın, Naxçıvanın türk dünyası tarixində önəmli yer tutduğunu göstərir.
O dedi ki, türk dünyası qədim tarixə malikdir. Geniş tədqiqatlar apardıqca türkdilli xalqların çox zəngin və qədim tarixə malik olduğu, dünyanın hər yerində türk tarixinin və mədəniyyətinin böyük izlər qoyduğu və bu günədək yaşadığı sübut olunur.
Sonra qonaq “Türklər və dünya” kitabını Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.