AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV FİNLANDİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ XANIM TERHİ HAKKALANI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Prezident sarayında Finlandiyanın ölkəmizdəki səfiri xanım Terhi Hakkalanı qəbul etmişdir.
Finlandiya Prezidenti xanım Tarya Halonenin Azərbaycana səfəri ilə əlaqədar Bakıya gəldiyini vurğulayan Terhi Hakkala Prezident İlham Əliyev ilə görüşdən böyük məmnunluq duyduğunu bildirdi.
Finlandiya Prezidentinin səmimi salamlarını dövlətimizin başçısına çatdıran diplomat xanım Tarya Halonenin Azərbaycana səfəri çoxdan gözlədiyini vurğuladı. Səfir Finlandiya dövləti başçısının Azərbaycana səfəri ilə bağlı hazırlıq işlərinin yüksək səviyyədə təşkil olunduğunu nəzərə çarpdırdı.
Xanım Tarya Halonenin Azərbaycana səfərini gözlədiyini bildirən Prezident İlham Əliyev Avropa Şurasının üzvü olan ölkələrin dövlət başçılarının Varşava sammiti zamanı Finlandiya Prezidenti ilə keçirdiyi görüşü, apardığı danışıqları məmnunluqla xatırladı.
Səmimi salamlara görə minnətdarlığını bildirən Prezident İlham Əliyev onun da səmimi salamlarını Prezident Tarya Halonenə çatdırmağı xahiş etdi.