AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜNƏŞLİ VƏ HÖVSAN QƏSƏBƏLƏRİNİN SAKİNLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Suraxanı rayonunun Günəşli və Hövsan qəsəbələrində olmuş, sakinlərlə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanmışdır.
Dövlətimizin başçısını Günəşli sakinləri böyük hörmət və ehtiramla, hərarətli alqışlarla qarşıladılar.
Prezident İlham Əliyevə Günəşli və Hövsan qəsəbələrində görülən işlərlə bağlı ətraflı məlumat verildi. Bildirildi ki, gələn ilin sonuna kimi Bakı şəhərində mənzillərin istiliklə təchizatı problemi həll olunacaqdır. Bu baxımdan, rayon qazanxanalarının əvəzinə, istilik təchizatı məntəqələrinin yaradılması məqsədəuyğundur.
HACIBALA ABUTALIBOV (Bakı Şəhər İcra Hakimiyyətinin başçısı): Cənab Prezident, Sizin tapşırığınızla istilik təchizatı ilə əlaqədar noyabr ayınadək nə işlər görüləcəksə, hamısı hazırlıq vəziyyətindədir.
İLHAM ƏLİYEV: Təkcə noyabra qədər deyil, gələn il də.
HACIBALA ABUTALIBOV: Biz noyabra qədər Günəşlidə və Hövsan qəsəbəsində işləri qurtarmalıyıq. Gələn il isə bütün Bakıda. Bu il doqquzmərtəbəli 1500 bina tam istilik alacaqdır.
İLHAM ƏLİYEV: Şəhərdə binaların neçə faizi istilik alır?
YAŞAR HƏSƏNOV (“Azəristiliktəchizat” ASC-nin sədri): Cənab Prezident, 22 faizi.
İLHAM ƏLİYEV: 22 faiz azdır. Ona görə biz “Azəristiliktəchizat”ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq.
YAŞAR HƏSƏNOV: Cənab Prezident, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti Sizin Sərəncamınızla iki ay bundan əvvəl yaradılmışdır. Bu müddətdə təşkilati tədbirlər görülmüşdür. Hökumət, Bakı Şəhər İcra Hakimiyyəti və Prezidentin İcra Aparatı tərəfindən kömək göstərilir. Əminik ki, bu işin öhdəsindən gələcəyik. Sizin verdiyiniz tapşırıqlar da tam yerinə yetiriləcəkdir. Bakı şəhərindən sonra isə respublikanın böyük şəhərlərində və rayon mərkəzlərində bu işlər görüləcəkdir. Hacıbala müəllim bu günlərdə sərəncam vermişdir. O sərəncamda bildirilir ki, “Azəristiliktəchizat” tərəfindən istiliklə təmin olunacaq bütün binalar istilik almalıdır, binadaxili sistemlər hazır vəziyyətə gətirilməlidir. Bu barədə rayon icra hakimiyyətlərinin başçılarına göstəriş vermişdir. İstilik alacaq binaların sayının 1500-ə çatdırılması tapşırılmışdır. Biz binaların yox, bilavasitə istilik alan mənzillərin sayının artırılmasına xüsusi fikir veririk. Bu il Bakı şəhəri üzrə belə mənzillər 50 faiz təşkil edəcəkdir.
İLHAM ƏLİYEV: Bu ilin sonuna qədər?
YAŞAR HƏSƏNOV: Yox, noyabra qədər.
İLHAM ƏLİYEV: Yəni, noyabra qədər 50 faiz olacaqdır.
YAŞAR HƏSƏNOV: Biz inanırıq ki, olacaqdır. Bizi narahat edən ancaq binadaxili sistemlərdir. Qışa hazırlıqla bağlı digər məsələləri isə Sizin dəstəyinizlə, öz gücümüzlə həll edəcəyik. Bütün təşkilatlar bizə kömək göstərir.
İLHAM ƏLİYEV: Yəni biz yeni sistemə ki keçirik, məhəllədə qazanxanalar tikiləcək, su anbarları və binadaxili sistemlər, kommunikasiyalar bərpa olunmalıdır.
YAŞAR HƏSƏNOV: Cənab Prezident, Bakıda 7, ölkəmizin böyük şəhərlərində bu tipdə, amma gücü az olan qazanxanalar var və onlar özlərini doğrultmur.
İLHAM ƏLİYEV: Bunlarda itki çoxdur.
YAŞAR HƏSƏNOV: Günəşli qəsəbəsində magistral xətlərin uzunluğu 5,5-6 kilometrdir. Hələ məhəllədaxili xətləri demirəm. Bunun da nəticəsində su itkisi, ötürmə vaxtı istilik itkisi çox olduğundan bu, iqtisadi cəhətdən səmərəli deyildir. İndiki qazanxanalardakı avadanlığın faydalı iş əmsalı çox aşağıdır. Müasir qazanlardan istifadəyə keçəndə isə qaza üç dəfə qənaət ediləcəkdir.
İLHAM ƏLİYEV: Həm də elektrik enerjisinə qənaət olunacaqdır. Qışda 4 min meqavat, yayda isə 2 min meqavat elektrik enerjisi işlənilir. Yəni qışda əlavə 2 min meqavatın əsas hissəsi istilik almaq üçün istifadə olunur, insanlar qızdırıcı cihazlar alırlar. Almasınlar neyləsinlər, almalıdırlar.
YAŞAR HƏSƏNOV: Sizin göstərişinizlə yeni qazanxanalar quraşdırılacaq, elektrik enerjisinə iki dəfə qənaət olunacaqdır. 90 faiz su təminatı var, qaz təminatında isə problem var. Çünki məişət qazı ilə sənaye qazı fərqlidir. Bu haqda “Azəriqaz”a müraciət etmiş, texniki şərtləri vermişik.
İLHAM ƏLİYEV: Bəli, “Azəriqaz”la birlikdə işləyin. Deməli, burada, Günəşlidə 1500 bina...
HACIBALA ABUTALIBOV: Bakı şəhəri üzrə.
YAŞAR HƏSƏNOV: Günəşlidə keçən il 100 bina istilik alıb, bu il 137 bina nəzərdə tutulmuşdur. Burada binaların hamısı doqquzmərtəbəlidir, beşmərtəbəli bina yoxdur.
İLHAM ƏLİYEV: Günəşlidə bütövlükdə binaların neçə faizi istilik alacaqdır?
YAŞAR HƏSƏNOV: Hamısı alacaqdır.
Dövlətimizin başçısına Günəşli qəsəbəsində istilik probleminin birdəfəlik həlli məqsədi ilə nəzərdə tutulan tədbirlər barədə konkret məlumat verildi. Məktəblərin, uşaq bağçalarının istilik təchizatına xüsusi diqqət yetiriləcəyi vurğulandı.
HACIBALA ABUTALIBOV: Möhtərəm Prezident, Siz hər 2 min nəfər əhaliyə bir qazanxana quraşdırılmasını demişdiniz. Günəşlidə optimal variant elə yaranıb ki, 7 min nəfərə bir qazanxana bəs edir. Yəni vəsaitə üç dəfə qənaət olunur.
YAŞAR HƏSƏNOV: Hövsan qəsəbəsində qazanxana var idi. Doqquzmərtəbəli binalardan 15-i istilik almırdı. Nəzərdə tutmuşuq ki, buradakı 2 nömrəli istilik təchizatı məntəqəsini qazanxanaya çevirək. Bununla da 15 binada təqribən 7,1 min nəfər istiliklə təmin olunacaqdır. Texniki cəhətdən istiliyi lazımi səviyyədə vermək üçün hər şey hazırdır. Sadəcə olaraq, qaz təzyiqində müəyyən qədər problem var. “Azəriqaz” söz verir ki, qaz problemi həll olunacaqdır. Hacıbala müəllim də Hövsanın qaz təminatı ilə çox ciddi məşğuldur. Qaz təminatı olsa, camaat kifayət qədər istilik alacaqdır. Çünki məhəllədaxili xətlərin hamısının təmiri 10-15 günə başa çatacaqdır.
HACIBALA ABUTALIBOV: Hövsan qəsəbəsində 15 minə qədər əhali ümumiyyətlə, istilik almırdı. Amma indi burada istilik təchizatı məntəqəsinin binası hazırdır, rayon icra hakimiyyətinin başçısına göstəriş vermişik ki, 15 günə kimi binadaxili istilik xətlərini tam hazır vəziyyətə gətirsinlər. Beləliklə, biz Hövsanın 42 minlik əhalisini istiliklə tam təmin edəcəyik. Günəşlidə də həmçinin. Məktəblər, uşaq bağçaları da daxil olmaqla, binaların hamısı istilik alacaqdır.
Möhtərəm Prezident, hər yaşayış sahəsinə 9 istilik təchizatı məntəqəsi düşür. Qazanxana binası tikmək lazım deyil, binaları var, sadəcə, qazanı gətirib quraşdırmaq lazımdır. Bunları quraşdırandan sonra rayon istilik təchizatı məntəqəsindən çəkilmiş böyük diametrli borulara ehtiyac olmayacaqdır.
İLHAM ƏLİYEV: Əlbəttə, heç buna da ehtiyac yoxdur. Burada olan lazımlı avadanlığı götürəcəksiniz, istifadə edəcəksiniz.
HACIBALA ABUTALIBOV: Bəli, istifadə olunacaqdır. Başqa sözlə, Sizin göstərişinizlə böyük həcmdə vəsait qoyulur ki, Bakı şəhərinin bütün binaları istiliklə təmin olunsun. İşi böyük qənaətlə icra edirik.
İLHAM ƏLİYEV: Çox yaxşı. Mən demişəm ki, biz bu məsələlərə gərək maliyyə yardımı göstərək. Mən göstəriş verdim, nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaq. İlk növbədə, Bakıda, ondan sonra Azərbaycanın başqa şəhərlərində istilik təchizatı sistemi qaydaya salınmalı və yüz faiz işləməlidir. Maliyyə problemi olmayacaqdır. Sadəcə olaraq, texniki məsələləri həll etmək, “Azəriqaz”la birgə, əlaqələndirilmiş fəaliyyət göstərmək və səmərəli işlər görmək lazımdır.
HACIBALA ABUTALIBOV: Möhtərəm Prezident, “Azəriqaz”, “Azərsu”, “Azərenerji” ilə işlər yaxşı gedir. Əllərindən gələni edirlər ki, Sizin göstərişiniz ən yüksək səviyyədə yerinə yetirilsin. İndiyədək Bakı şəhərində 988 bina istilik alırdı.
İLHAM ƏLİYEV: Noyabr ayında nə qədər olacaq?
HACIBALA ABUTALIBOV: Noyabr ayında 1500 bina. Birdən-birə görün, yalnız daxili imkanlar hesabına nə qədər artacaqdır.
İLHAM ƏLİYEV: Bəs, gələn ilin sonuna kimi?
HACIBALA ABUTALIBOV: Gələn ilin sonuna isə daha 50 faiz artıracağıq. Başqa sözlə, binaların ən azı 70-75 faizi istiliklə təmin olunacaqdır.
İLHAM ƏLİYEV: Ümumiyyətlə, Bakı şəhərində çoxmərtəbəli binaların sayı nə qədərdir?
HACIBALA ABUTALIBOV: 3 minə qədərdir.
İLHAM ƏLİYEV: Deməli, yarısını təmin edəcəksiniz.
HACIBALA ABUTALIBOV: Bəli, bu ilin sonuna kimi tam yarısını təmin edəcəyik. Amma iki il bundan qabaq istilik alan binaların sayı 700-dən yuxarı qalxmırdı. Son iki ildə əlavə 288 binaya istilik verilibdir. Yeni sistemin tətbiqi sayəsində həm istiliyə, həm elektrik enerjisinə, həm qaza, həm də suya qənaət olunacaqdır.
İLHAM ƏLİYEV: Aydındır. Bəs, yeni tikilən binalarda bu sistem nəzərdə tutulubdur?
HACIBALA ABUTALIBOV: Onların hamısının təchizatı müstəqildir.
İLHAM ƏLİYEV: Yəni, bu sistemlə işləyirlər.
HACIBALA ABUTALIBOV: Hamısı Sizin bizə göstəriş verdiyiniz sistemlə işləyirlər. Başqa sözlə, özlərinin müstəqil qazanxanaları var. Əlavə olaraq yolların qazılmasına, boruların çəkilməsinə ehtiyac yoxdur. Özlərinin su anbarları, su xətləri və müstəqil qaz xətləri var.
NATİQ MEHDİYEV (Suraxanı rayon icra hakimiyyətinin başçısı): Cənab Prezident, xətlərin hamısı Günəşlinin küçələrindən keçir. Demək, bir yerdə boru partlasa, - düzdür, müəyyən texniki vasitələrimiz var ki, yerini dəqiq tapa bilək, - məcburuq magistral yolları qazaq. Magistral yolun asfaltının bərpası isə xeyli vəsait tələb edir.
İLHAM ƏLİYEV: Özü də biz indi yeni asfalt salırıq. Mən Babək prospekti ilə gəlirdim, nə gözəl yol salınıbdır.
HACIBALA ABUTALIBOV: Babək prospektini Sizin göstərişinizlə asfaltladıq. Çox sağ olun, hədsiz minnətdarlıq edirik ki, buna kömək etdiniz. Dövlət Yol Polisi mənə məlumat verib ki, indi Heydər Əliyev prospektində maşınların hərəkəti 30 faiz azalıbdır. Babək prospekti qısa, geniş yoldur, svetofor yoxdur.
İLHAM ƏLİYEV: Əlbəttə. Bilirsiniz ki, mən Bakı şəhərinin yollarının abadlaşdırılmasına 60 milyard manat vəsait ayırdım. Bu puldan səmərəli istifadə edin ki, Bakıda bərbad vəziyyətdə bir dənə də yol olmasın. Biz bu işi ətraf qəsəbələrdə də görürük.
HACIBALA ABUTALIBOV: Möhtərəm Prezident, Sizin göstərişlərinizi əsas tutaraq, 8 firma tam yüksək səviyyədə bu işlərə başlayıbdır. İndi Bakının elə bir rayonu və qəsəbəsi yoxdur ki, orada biz yolları əsaslı təmir etməyək.
NATİQ MEHDİYEV: Cənab Prezident, binaların çoxu bizim tabeliyimizdə deyildir. Dövlət Neft Şirkətinə və digər idarələrə məxsus binaların öz qazanxanaları var.
YAŞAR HƏSƏNOV: Dövlət Neft Şirkəti tabeliyindəki binaların, habelə kommunikasiya və qazanxanaların şəhər icra hakimiyyətinin balansına verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. “Azəristiliktəchizat” yaranandan sonra bu məsələ dayanıbdır. Yəqin Dövlət Neft Şirkəti bu məsələyə yenidən qayıdacaqdır.
NATİQ MEHDİYEV: Cənab Prezident, qəza olanda bütün rayon əziyyət çəkir.
İLHAM ƏLİYEV: Yəni, mərkəzdə qəza olduqda...
HACIBALA ABUTALIBOV: 75 min əhali istilikdən məhrum olur.
NATİQ MEHDİYEV: Müasir qazanxanaların səmərəsi böyükdür.
İLHAM ƏLİYEV: Deməli, Günəşlidə bir qazanxana 7 min insana xidmət edəcəkdir. Amma başqa yerlərdə başqa cür ola bilər.
HACIBALA ABUTALIBOV: Biz çalışırıq ki, 3 min nəfərdən az olmasın. Bakı şəhərində elə müstəqil istilik məntəqələri var ki, o ətrafdakı 5 mərtəbəli binalarda 3 min adam yaşayır. 9 mərtəbəli binalar olan məhəllələrdə isə 7 minə çatır.
İLHAM ƏLİYEV: Hər halda, siz hər şeyi dəqiqliyi ilə hesablayın. Bu ilin sonuna kimi və gələn il nə qədər vəsait lazımdırsa, biz bunu büdcədə nəzərdə tutaq. Çalışmalıyıq ki, biz gələn il Bakıda işləri tamamilə qurtaraq, ondan sonra Sumqayıt, Gəncə, Mingəçevir və başqa şəhərlərdə, ölkəmizin hər bir yerində istilik məsələsini həll edək.
HACIBALA ABUTALIBOV: Möhtərəm Prezident, Sizi əmin edirəm ki, gələn ilin axırınadək Bakı şəhərinin istilik ala biləcək binalarının hamısında sistem yüksək səviyyədə bərpa ediləcək, əhali istiliklə təmin olunacaqdır.
NATİQ MEHDİYEV: Günəşlidə binaların 75 faizi istilik alır. Ona görə qışda qaz, işıq problemi olmadı.
İLHAM ƏLİYEV: Əlbəttə, istilik olanda əlavə elektrik cihazları yandırmırlar.
NATİQ MEHDİYEV: Son nəticədə də işığın, qazın ödəniş pulu az olur, ailənin büdcəsinə müsbət təsir edir.
İLHAM ƏLİYEV: Qazın qiyməti qalxdı.
HACIBALA ABUTALIBOV: Günəşlidə əhalinin 75 faizi istilik alırdı, qalan 25 faizi noyabradək təmin edəcəyik. Onu da deyim ki, əhaliyə istilik verəndə pulun yığılmasında problem olmur.
İLHAM ƏLİYEV: Əlbəttə, gərək istilik verəsən ki, pul tələb edəsən.
HACIBALA ABUTALIBOV: İnanın, pulu özləri verirlər. İndi Sizin göstərişinizlə qaz sayğacları qoyulur. Əhali bizimlə görüşlərdə də deyir ki, möhtərəm Prezidentimizə minnətdarlığımızı çatdırın, sayğaclar quraşdırılan kimi pulun verilməsində problem olmayacaqdır. Yəni kasıb insanlar da bunu deyir.
NATİQ MEHDİYEV: Cənab Prezident, su ilə bağlı problem var. Doğrudur, indi verilən su camaatı qismən də olsa təmin edir. Su pulunun yığılmasında çətinlik olur, çünki iki gündən bir su verilir. Amma sayğac qoyulandan sonra həm pulunu verəcəklər, həm də ailələrin büdcəsinə qənaət olunacaqdır.
İLHAM ƏLİYEV: Bəli, biləcək ki, nəyin pulunu verir. Bütün sayğaclar - işıq, su, qaz sayğacları tezliklə quraşdırılacaqdır.
HACIBALA ABUTALIBOV: Sizin göstərişinizdən sonra “Azəriqaz” və “Azərsu” Hövsanda sayğac qoyulmasını böyük sürətlə davam etdirir.
X X X
Prezident İlham Əliyev Günəşli qəsəbəsinin sakinləri ilə görüşdü. Onlar qısa vaxtda görülən işlərdən dərin razılıqlarını bildirdilər.
- Mən 31 nömrəli poliklinikanın baş həkimiyəm. Sizin buraya gəlməyinizə çox şadıq. Sizə minnətdarıq, poliklinikamız dağılmışdı, Sizin göstərişiniz əsasında Hacıbala müəllim orada əsaslı təmir işlərinə başlamışdır. Çox minnətdarıq, Allah Sizə cansağlığı versin.
İLHAM ƏLİYEV: Bilirsiniz, “Azəristiliktəchizat” səhmdar cəmiyyəti bu məqsədlə yaradıldı ki, Bakıda və Azərbaycanın başqa yerlərində istilik problemi olmasın. Bütün binalara, ilk növbədə, çoxmərtəbəli binalara istilik verilsin ki, insanlar qışda əziyyət çəkməsinlər. Bu, çox böyük bir proqramdır. Biz buna böyük vəsait ayırırıq. Ona görə mən gəlmişəm ki, vəziyyətlə tanış olum. Demişəm ki, bu məsələ ilk növbədə Suraxanı rayonunda, Günəşlidə həll edilsin. Bu ilin sonunadək bütün çoxmərtəbəli binalarda istilik məsələləri həll olunacaqdır. Gələn ilin sonuna qədər isə Bakının bütün yerlərində bu məsələ öz həllini tapmalıdır. Bu, əsas məsələlərdən biridir. İşıq, qaz, su, istilik - bunların təchizatını təmin etməliyik. Buna imkanımız da var, iradəmiz də var. Çox şadam ki, bu işlə məşğul olan insanlar da belə böyük həvəslə işləyirlər.
SAKİN: Əziz Prezidentimiz, biz Günəşlinin bünövrəsi qoyulandan burada yaşayırıq. Sizi burada görməyimizə ürəkdən şadıq. Sizin insansevərliyinizə, qayğıkeşliyinizə, ətrafdakı insanların bizə olan xüsusi qayğısına görə Sizə böyük təşəkkür edirik. Allah Sizə dəyməsin, Sizi qorusun. Azərbaycan xalqı üçün həmişə var olun.
İLHAM ƏLİYEV: Sağ olun. Bu, mənim borcumdur. Mən Azərbaycan xalqına xidmət etməyə gəlmişəm.
X X X
Hövsan qəsəbəsində böyük məhəbbətlə qarşılanan Prezident İlham Əliyevin şərəfinə qurban kəsildi.
Dövlətimizin başçısı hövsanlılarla səmimiyyətlə görüşdü, qayğı və problemləri ilə maraqlandı. Qəsəbənin ağsaqqalları burada aparılan quruculuq işlərini onlara göstərilən diqqətin konkret təzahürü kimi dəyərləndirdilər.
SAKİN: Allah atanıza rəhmət eləsin. Allah-Təala Sizə cansağlığı versin. Siyasətinizə güc versin ki, düşmənlərimizi məğlub, torpaqlarımızı azad edəsiniz. O gündə böyük bir mərasimlə Sizi Hövsanda məsciddə böyük bir şərafətlə qarşılayaq. Allah arzu edənləri muradına çatdırsın, bizi də arzumuza çatdırsın.
İLHAM ƏLİYEV: Allah qəbul etsin!
SAKİN: Möhtərəm Prezident, icazə verin, Sizi təhsil işçiləri adından salamlayım və qədim Hövsan torpağına “Xoş gəlmisiniz!” deyim. Hamıya məlumdur ki, ulu öndərimiz, əbədiyaşar Prezidentimiz Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük irəliləyiş olmuşdur. İstəyirəm bunu konkret misallarla deyim.
Hörmətli Hacıbala Abutalıbov Sizin göstərişlərinizi həmişə vaxtında, layiqincə, yüksək səviyyədə yerinə yetirməyə çalışmışdır. Seçkilər ərəfəsində bu işlər daha da geniş vüsət almışdır. Bu gün Suraxanı rayonunun 7 məktəbində əsaslı təmir işləri aparılır. Hövsan qəsəbəsində altı ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan ikisi keçən il təmir olunub istifadəyə verilmişdir. Bir məktəb rayon icra hakimiyyətinin vəsaiti hesabına təmir olunur. Əminik ki, şagirdlərimiz sentyabrın 15-də geniş, təmiz, səliqəli sinif otaqlarında dərsə başlayacaqlar.
Bu gün qəsəbədə aparılan abadlıq işləri dövlətimizin qüdrətlənməsindən, varlanmasından, iqtisadiyyatımızın yüksələn xətlə inkişafından xəbər verir. Bunların hamısının başında Siz durursunuz. Buna görə Sizə minnətdarıq. Sizin göstərişlərinizi layiqincə yerinə yetirən kadrlara minnətdarıq.
Suraxanı rayon təhsil işçilərinin bir xahişini çatdırmaq istəyirəm. Tarixinə görə ən köhnə məktəblərdən olan 87 nömrəli orta məktəbin binası sökülüb təzədən inşa olunur. İstərdik, 15 sentyabr Bilik gününü bizimlə həmin məktəbdə keçirəsiniz. Bu, bizim üçün böyük şərəf olardı.
Prezident İLHAM ƏLİYEV qəsəbə sakinləri qarşısında çıxış etdi:
- Əziz dostlar!
Mən bu gün Hövsana gəlmişəm ki, görüm, necəsiniz, işlər necə gedir. Mən bütün bölgələrə səfər edirəm, vəziyyətlə tanış oluram. O cümlədən Bakının problemlərinin həlli istiqamətində hansı addımları atmaq lazımdırsa, biz bunları etməliyik və edirik. Abadlıq, quruculuq işləri, yeni məktəblərin tikintisi, təmir işləri, yolların salınması, su, elektrik sisteminin bərpası - bütün bunlar diqqət mərkəzindədir.
Bir müddət bundan əvvəl məlumat gəldi ki, Hövsanda su problemi çox kəskinləşib və suyun verilməsi günlərlə mümkün olmur. Ona görə mən dərhal “Azərsu” Səhmdar Cəmiyyətinə, Hacıbala müəllimə göstəriş verdim ki, tezliklə məsələyə baxılsın və tədbirlər görülsün. Sonra dedilər ki, bu məsələ qismən öz həllini tapıbdır. Yəni, burada görülən işlərin nəticəsində vəziyyət yaxşılığa doğru dəyişdi. Amma bizi tam mənada qane etmir. Ona görə bizim diqqətimiz, səylərimiz indi bu məsələlərə yönəldilibdir.
Buraya gələrkən Günəşlidə istilik sisteminin bərpası işləri ilə tanış oldum. Böyük proqram çərçivəsində Bakının bütün yerlərində yeni istilik sistemi yaradılmalıdır ki, qışda istiliklə bağlı problem olmasın. Bu, həm insanlara rahatlıq verər, eyni zamanda elektrik enerjisinin, qazın istehlakına qənaət etməyə imkan yaradar. Bilirsiniz ki, qazın qiyməti qalxdı və mən də dedim ki, kimin imkanı yoxdursa, haqqını ödəməsin. İmkan olandan sonra ödəyər.
Əlbəttə, ölkəmizin qlobal problemləri var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi öz həllini tapmamışdır. Çalışırıq ki, bunu həll edək və şübhə etmirəm ki, buna nail olacağıq. Bunu etmək üçün gərək güclü iqtisadiyyat, güclü ordu olsun və bu istiqamətdə işlər aparılır. Azərbaycanın dünyadakı mövqelərinin möhkəmlənməsi, iqtisadiyyatın inkişafı yönündə ciddi addımlar atılır. Bütün bunlar qlobal məsələlərdir. Amma bunlarla yanaşı, digər məsələlər də var. Qəsəbənin, kəndin, məhəllənin problemləri var. Bunlarla da məşğul olmalıyıq. İlk növbədə, bunlarla mənim yerlərdəki nümayəndələrim - icra hakimiyyəti başçıları, qəsəbələrdəki vəzifəli şəxslər məşğul olmalıdırlar. Eyni zamanda şəxsən mən özüm vəziyyətlə tanış olmalıyam, bilməliyəm. Sizdən eşitməliyəm ki, hansı məsələ var, hansı problem var. Elə problem var ki, onun həlli nə böyük vəsait, nə də böyük vaxt tələb edir. Sadəcə olaraq, gərək ürəklə işləyəsən, həvəslə işləyəsən, öz vəzifə borcuna laqeyd yanaşmayasan, biganə olmayasan.
Mənim məqsədim budur ki, Azərbaycan xalqı daha yaxşı yaşasın, daha rahat yaşasın, əmin-amanlıq olsun, inkişaf olsun. Ölkəmiz daha da inkişaf etsin, güclənsin və Azərbaycan dünyada daha da möhkəm bir dövlətə çevrilsin.
Hövsana da gəlmişəm ki, sizinlə görüşüm, problemlərinizi soruşum. Mənə sözünüz nədir, problemlərinizi deyin - bunun üçün gəlmişəm. Mənə verilən məktublara da baxacağam.
X X X
SAKİN: Cənab Prezident, sözümüz odur ki, biz həmişə Sizə arxa-dayağıq.
Hörmətli Prezident, mən kənd təsərrüfatı ilə məşğul olmuşam. 1996-cı ildən təsərrüfatım üçün 40 min dollar kredit aldım. Ondan sonra heç nə ala bilmirəm. Getmədiyim yer qalmayıbdır.
İLHAM ƏLİYEV: İqtisadi İnkişaf Nazirliyinə müraciət etmisiniz?
SAKİN: Bəli, cənab Prezident, hamının qəbulunda olmuşam. Heç yaxın qoymurlar.
İLHAM ƏLİYEV: Axı, niyə?! Mən bu yaxınlarda Xaçmazda keçirilən kredit yarmarkasında şəxsən iştirak etmişəm. Orada məni inandırdılar ki, bütün müraciətlərə müsbət baxılır. Mən sizə inanıram. Siz müraciət etmisiniz, cavab veriblər, yoxsa yox?
SAKİN: Bəli, verdikləri cavabların hamısı məndədir.
İLHAM ƏLİYEV: Sizə nə qədər kredit lazımdır?
SAKİN: Gəlib baxsınlar, nə qədər məsləhətdirsə...
İLHAM ƏLİYEV: Siz hansı iş üçün istəyirsiniz?
SAKİN: Mənim 5 milyard manatlıq əmlakım var, böyük təsərrüfatım var. Abşeron rayonunda bizə baxan yoxdur.
İLHAM ƏLİYEV: Abşeron rayonudur?
SAKİN: Bəli.
İLHAM ƏLİYEV: Yenə həmin problemdir?
HACIBALA ABUTALIBOV: Möhtərəm Prezident, həmin problemdir.
SAKİN: Hacıbala müəllimin məktubu ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı məni qəbul etmir.
İLHAM ƏLİYEV: Düz edir, çünki Hacıbala müəllim Bakı Şəhəri İcra Hakimiyyətinin başçısıdır.
HACIBALA ABUTALIBOV: Cənab Prezident, mən qəbul etmişəm. Məktub verdim ki, Abşeron rayonu icra hakimiyyətinin başçısı bu adamı qəbul etsin.
İLHAM ƏLİYEV: Bu yaxınlarda Maştağa qəsəbəsində olarkən mənə müraciət olundu ki, yol çəkilsin. Hacıbala müəllimə göstəriş verdim. Dedi ki, bu, Abşeron rayonunun ərazisidir. Dedim, eybi yoxdur, Abşeron rayonu olsa da, bunu elə. Amma sonra bu məsələni araşdırdı. Sən demə, Bakının içində Abşeron rayonunun müxtəlif əraziləri var. Belə şey ola bilməz. Mən göstəriş verdim, həm Hacıbala müəllimə, həm Prezidentin İcra Aparatına ki, mənə təklif verilsin, o yerlər ki, Bakının içindədir və Abşeron rayonuna aiddir, onlar birləşsin Bakıya. Siz də bunu istəyirsiniz?
SAKİNLƏR: Bəli, cənab Prezident. Torpağı Suraxanı rayonu Abşeron rayonuna icarəyə veribdir. Abşeron rayonunun ixtiyarı yoxdur ki, orada təsərrüfatdan başqa ayrı işlə məşğul olsun.
İLHAM ƏLİYEV: Bilirsiniz, mən bu məsələ ilə maraqlananda dedilər ki, vaxtilə guya bunu kənd təsərrüfatının inkişafına görə ediblər. Amma indi bunun mənası yoxdur. Çünki artıq biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq.
SAKİN: O vaxt sovxoz var idi.
İLHAM ƏLİYEV: Düz deyirsən, sovxoz var idi. Amma indi yoxdur. O yerlərin hamısını - hansı ki, Bakının ərazisində yerləşir, biz şəhərə birləşdirəcəyik.
SAKİNLƏR: Çox sağ olun, cənab Prezident. Canımız qurtarardı, yaxın olardı. Yoxsa bizi on ildə bir dəfə də olsun oraya çağırmayıblar.
İLHAM ƏLİYEV: Mən bu məsələ ilə məşğul olacağam.
SAKİNLƏR: Cənab Prezident, çox çətin vəziyyətdəyik. Abşeron rayonunda fermer təsərrüfatına, ümumiyyətlə, baxan yoxdur. Sovxozdan camaata heç nə verilməyib, əmlak paylanmayıbdır. Oradan 4 min yer paylayıblar. Hansı ki, onun xeyli hissəsi Hövsanın ərazisinə düşür. Bu günlərdə televiziyada göstərirlər ki, ad qoymaq istəyirlər. Hövsanın adı var. Yenidən Hövsanın ərazisində təzədən kənd yaradıb, ad qoymaq olar?
İLHAM ƏLİYEV: Kim onu etmək istəyir?
SAKİN: Cənab Prezident, and olsun Allaha, televiziyada deyiblər.
İLHAM ƏLİYEV: Kim deyib, Hacıbala müəllim.
HACIBALA ABUTALIBOV: Möhtərəm Prezident, Sizin göstərişinizlə bütün məsələlər demək olar ki, həll edilibdir. Bakının ətraf qəsəbələrindəki torpaqlar şəhərin torpaqlarıdır. Sadəcə olaraq, o zaman Abşeron rayonuna icarəyə verilibdir. O torpaqları paylamağa onların ixtiyarı yoxdur.
İLHAM ƏLİYEV: İxtiyarı yoxdur?
HACIBALA ABUTALIBOV: Xeyr yoxdur. Amma paylayıblar.
İLHAM ƏLİYEV: Paylayıblar?
HACIBALA ABUTALIBOV: Müəyyən qədərini paylayıblar. Çox sağ olun ki, siz bu göstərişi tez bir zamanda verdiniz. Heç olmasa, qalan yerlər qəsəbə camaatına verilsin. Hövsan ərazisinin demək olar ki, yarısı Abşeron rayonuna aiddir. Buranın yolunu Sizin göstərişinizlə Bakı Şəhəri İcra Hakimiyyəti çəkir.
İLHAM ƏLİYEV: Axı, əslində siz etməməlisiniz. Sadəcə olaraq, mən sizə tapşırıq verdim ki, edin.
HACIBALA ABUTALIBOV: Mən Sizə məlumat verəndən sonra dediniz ki, gedin, bu məsələni həll edin. Su məsələsini də həll edin.
İLHAM ƏLİYEV: Bəli.
HACIBALA ABUTALIBOV: Biz keçmişdən qalmış, tamamilə sıradan çıxmış 3 quyunu bərpa etdik. Sizin göstərişinizlə yolları, quyuları bərpa etmişik. Analizə də vermişik, təmiz sudur, içməyə tam yararlıdır. Bununla bərabər, əlavə olaraq Abşeron rayonu ilə birlikdə 4,5 kilometr su kəməri çəkirik. Bununla da Sizin göstərişinizə əsasən, nəinki Abşeron rayonuna aid olan keçmiş sovxozun ərazisindəki əhali su ilə təmin olunacaq, həm də Hövsan qəsəbəsinin su problemi demək olar, tam həll ediləcəkdir. Özü də bu işi ayın axırına qədər qurtarmalıyıq.
İLHAM ƏLİYEV: Mən bu məsələyə baxacağam.
SAKİN: Cənab Prezident, biz Zığ qəsəbəsindən Sizin görüşünüzə gəlmişik. Bizim qəsəbədə hər şey yaxşıdır. İcra hakimiyyətinin başçısı əlindən gələni edir. Bir problemimiz var, o da su məsələsidir. İşıq var, qaz var. Bir də marşrut problemimiz var. Zığla Suraxanı istiqamətində işləyən marşrut yoxdur.
İLHAM ƏLİYEV: Niyə yoxdur?
HACIBALA ABUTALIBOV: Yol çox bərbad halda idi. İndi gəldiyimiz yoldur.
İLHAM ƏLİYEV: Biz o yolu yenidən salırıq.
HACIBALA ABUTALIBOV: Bəli, artıq avtobusların gedib-gəlməsinə heç bir çətinlik olmayacaqdır. Sabahdan həmin yolda yeni marşrut açacağıq.
İLHAM ƏLİYEV: Təşkil edin, sabahdan marşrut açın.
HACIBALA ABUTALIBOV: Baş üstə cənab Prezident, sabahdan açılacaqdır.
SAKİN: Hörmətli Prezidentimiz, mən qəsəbə sakinləri adından Sizə təşəkkür etmək istəyirəm. Təsəvvür edin, son üç-dörd ayın ərzində Hövsan qəsəbəsində su, yol məsələləri həll edilib. Bütün məktəblər təmir edilib, evlərimizə qaz, su sayğacları qoyulub və bu proses davam edir. Sizin göstərişinizdən sonra Hacıbala müəllim demək olar ki, hər gün, hər axşam Hövsan qəsəbəsində olur. Natiq müəllim Hövsanda olur, camaatla görüşür, hamının şikayətini dinləyir. Bunların hamısı sübut edir ki, bizim əgər bu günümüz dünənimizdən yaxşıdırsa, demək, sabahımız bu günümüzdən də yaxşı olacaqdır. Bax, buna görə Sizə minnətdarıq. Böyük, şərəfli işinizdə Sizə uğurlar arzulayırıq.
İLHAM ƏLİYEV: Sağ olun. Mən Hacıbala müəllimi göndərdim, o, bu məsələlərlə məşğuldur. Amma istədim özüm də gəlim, eşidim, bəlkə sizə əlavə nə isə lazımdır?
SAKİNLƏR: Çox sağ olun, cənab Prezident, Allah sizə cansağlığı versin. Elə bu işlərə görə biz sizə təşəkkür edirik. Biz inanırıq ki, sabah bugünkündən də yaxşı olacaqdır.
İLHAM ƏLİYEV: Mən də inanıram, bunu edəcəyik.
HACIBALA ABUTALIBOV: Möhtərəm Prezident, 30 il idi ümumiyyətlə, Hövsanda qaz yox idi. Sizin göstərişinizdən sonra 3,5 kilometrlik qaz xətti çəkdik. İndi qaz verilir, özləri təsdiq edə bilərlər.
SAKİN: Cənab Prezident, birincisi, bizim ümidimiz var. Siz demisiniz ki, əlavə bir milyon kubmetr qaz alacağıq və həmin qazdan Bakıətrafı qəsəbələrə verəcəyik. Həmin qəsəbələrdən biri də Hövsandır. Biz də ümidlə yaşayırıq ki, Allah qoysa, o qaz alınacaq, qışda qazımız çox olacaqdır. Yəni yayda var, amma qışda problemlər olur.
Əhali arasında olduğunuza görə, Hövsanın sakinləri, ağsaqqalları adından Sizə bir daha təşəkkür edirik. Sizin gəlişinizdən sonra bizim kənddə böyük inkişaf var. Hələ indiyədək görünməyib ki, dövlət başçısı Hövsana gəlsin. Bu gün müqəddəs gündür ki, bunu tarixə yazdıq.
İLHAM ƏLİYEV: Bu tarixi yazdıq.
SAKİN: İkincisi, gözəl yol çəkilib, işıq problemimiz həll olunubdur. Qazın haqqının ödənişi ilə bağlı bildirdiniz ki, kimin nə vaxt pulu olsa, onda versin. Buna görə də çox minnətdarıq. Allah Sizə cansağlığı versin.
İLHAM ƏLİYEV: Amma kimin imkanı var, gərək versin.
SAKİN: Bəli. Hazırda su problemimiz də düzəlir. Artıq işlər gedir, borular çəkilir. Bundan da arxayın ola bilərsiniz.
Bir problemimiz qalıb. O da Sizin üçün yüngül bir problemdir. Çirkab suları yığılıb qalır, axıntısı yoxdur. Bundan çox əziyyət çəkirik, yollar korlanır. Bu cür gözəl yollar çəkilibdir. Amma qarşıdan qış gəlir, elə ki, yağış, qar yağdı, asfaltı su basacaq, yollarımızı dağıdacaqdır. Ona görə də bu problemin həllində Sizdən kömək istəyirik.
İLHAM ƏLİYEV: Mən onunla bağlı da tapşırıq verəcəyəm.
SAKİN: Çox sağ olun. Bizim qəbiristanlığımız var, o da Abşeron rayonu ərazisindədir. 1,5 kilometr aralıdadır, qışda oradan cənazə aparmaq mümkün deyildir.
İLHAM ƏLİYEV: O ərazi də sizin olacaqdır. Hacıbala müəllim, sizə tapşırıq verirəm, həll edin.
HACIBALA ABUTALIBOV: Sabahdan həmin o yol asfaltlanacaqdır.
SAKİN: Vaxtilə ölkəmizdə baş alıb gedən xaosa ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə gələndə son qoyuldu. Ölkəmizdə inkişaf başladı, atəşkəs əldə edildi, müharibə dayandırıldı. Cənab Prezident, Siz ulu öndərimiz Heydər Əliyevin siyasətini layiqli davam etdirirsiniz ki, biz torpaqlarımızı sülh yolu ilə alaq. 1990-cı illərin əvvəlində bu məscidə gətirilən şəhid cənazələrinin ardı-arası kəsilmirdi. İnanın, gün ərzində Hövsana 2-3 şəhid cənazəsi gətirilirdi. Allah ümummilli liderimiz Heydər Əliyevə rəhmət eləsin. O qanın qarşısını ulu öndərimiz kəsdi.
Allah Sizə də cansağlığı versin. Bakı-Tbilisi-Ceyhan neft kəmərini işə saldınız, maaşlarımızı, pensiyamızı artırdınız.
İLHAM ƏLİYEV: Yenə də artıracağam. Hər il artacaqdır.
SAKİN: İnşallah, qocalar, cavanlar, əlillər - hamı Sizə dua edir. Bu gördüyünüz məscid İmam Hüseynlə Həzrət Abbasın adınadır. İmam Hüseyn, Həzrət Abbas Sizə kömək olsun, qüvvət versin. Balaca Heydərə cansağlığı arzulayırıq.
İLHAM ƏLİYEV: Çox sağ olun.
SAKİN: 1994-cü ildə yoldaşım şəhid olubdur. Mənim problemlərimin həll olunmasına görə Hacıbala müəllimə, Natiq müəllimə minnətdarlığımı bildirirəm.
İLHAM ƏLİYEV: Sizə kömək edirlər?
SAKİN: Bəli, çox sağ olsunlar, gözəl insanlardır. Mənim Sizdən bir xahişim var. Aldığım pensiya ilə üç uşağımı dolandıra bilmirəm. Mənə Qaraçuxurda yol qırağında 4-5 kvadratmetrlik mağazanın tikintisinə icazə verilməsinə kömək edin.
İLHAM ƏLİYEV: İcazə verin, kömək edin. Əlavə nə lazımdırsa, yardım edin.
HACIBALA ABUTALIBOV: Baş üstə cənab Prezident, sabah sərəncam onun əlində olacaqdır.
SAKİN: Mənim yoldaşım şəhid olub, iki oğlum əsgərlikdən gəlibdir. Ulu Tanrı Sizə yar olsun. Allah-Təala Sizə kömək olsun, biz həmişə Sizinlə fəxr edirik. Necə ki, ulu öndərimizlə fəxr edirdik. Biz hamımız Əliyevçilərik, Heydərçilərik.
X X X
Prezident İlham Əliyev qəsəbə sakinlərinin fərdi xahişlərini diqqətlə dinlədi, konkret tapşırıqlar verdi. Sakinlər ölkəmizdə dövlət səviyyəsində aparılan ardıcıl və məqsədyönlü siyasətdən, sosial-iqtisadi inkişafdan, abadlıq-quruculuq işlərindən razılıqlarını bildirdilər.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev Hövsanda tikilən stadionla tanış oldu, gənc idmançılarla səmimi görüşdü.
İLHAM ƏLİYEV: Bunlar futbolçulardır?
HACIBALA ABUTALIBOV: Bəli, cənab Prezident. Hazırda 6 futbol komandası var. Halbuki indiyədək bir komanda da yox idi.
İLHAM ƏLİYEV: Burada stadion yox idi?
HACIBALA ABUTALIBOV: Heç nə yox idi, zibilxana idi. Bu, əlavə futbol meydançasıdır. Sizin göstərişinizə əsasən burada yaşıl örtüklü stadion olacaqdır. Soyunub-geyinmə otağı, duşxana da tikilib istifadəyə verilibdir. Bütün işlər daxili imkanlarımız hesabına görülübdür. Sizin göstərişinizlə Hövsan qəsəbəsində əlavə 25 quyu qazdıq, böyük təzyiqlə su gəlir. Həmin suyu buraya vermişik.
İLHAM ƏLİYEV: Kifayət edir?
HACIBALA ABUTALIBOV: Bəli, cənab Prezident, Hövsanda texniki su problemi yoxdur.
X X X
Sonra dövlətimizin başçısı Hövsan qəsəbəsinə gedən yolun yenidən qurulması ilə tanış oldu.
Tezliklə Bakının bütün küçə və prospektlərinin yenidən qurulacağını bildirən Prezident İlham Əliyev paytaxtın ətrafındakı yaşayış məntəqələrinin bundan sonra da abadlaşdırılması barədə konkret tapşırıqlar verdi.