AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜRCÜSTANIN DAXİLİ İŞLƏR NAZİRİ VANO MERABİŞVİLİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Prezident sarayında Gürcüstanın daxili işlər naziri Vano Merabişvilini qəbul etmişdir.
Ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin daim inkişaf etdiyini bildirən dövlətimizin başçısı, o cümlədən təhlükəsizlik və daxili işlər nazirlikləri xətti ilə uğurlu əməkdaşlıq həyata keçirildiyini nəzərə çarpdırdı. Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi baxımından Gürcüstanın daxili işlər nazirinin respublikamıza səfərinin əhəmiyyətini vurğuladı.
Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, Azərbaycan ilə Gürcüstan arasında müxtəlif sahələrdə əlaqələr bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Nazir Vano Merabişvili Gürcüstan Prezidenti Mixail Saakaşvilinin səmimi salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırdı. O, iki ölkənin müvafiq nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsindən razılıqla bəhs edərək dedi ki, Gürcüstan tərəfi Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti regional sabitliyin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan və Gürcüstan prezidentləri arasında dostluq əlaqələrinin mövcud olması ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə böyük töhfə vermişdir. Nazir azərbaycanlı həmkarları ilə birgə əməkdaşlığı bundan sonra da genişləndirmək əzmində olduqlarını söylədi.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Mixail Saakaşviliyə çatdırmağı xahiş etdi. İki ölkənin prezidentləri arasında daimi təmasların mövcud olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycan-Gürcüstan münasibətlərinin uğurla inkişaf etməsinin həm ölkələrimizin, həm də regional təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını bildirdi.
Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu vurğuladı.