RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜRCÜSTANIN ƏDLİYYƏ NAZİRİ GİYA KAVTARADZENİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Prezident sarayında Gürcüstanın ədliyyə naziri Giya Kavtaradzeni qəbul etmişdir.
Dövlətimizin başçısı Gürcüstana səfərini xatırlatdı və həmin səfər zamanı imzalanan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin böyük əhəmiyyət daşıdığını, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycan və Gürcüstanın müxtəlif qurumları, o cümlədən hüquq mühafizə orqanları arasında əlaqələrin ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətini qeyd etdi. Azərbaycan Prezidenti ədliyyə nazirlikləri arasındakı əlaqələrin də ümumi əməkdaşlığın genişlənməsinə xidmət etdiyini söylədi.
Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərinin və bu səfər zamanı dəmir yolu layihəsinə dair müqavilənin imzalanmasının böyük önəm daşıdığını vurğuladı. Gürcüstanla Azərbaycan arasında əməkdaşlığın digər sahələrdə olduğu kimi, ədliyyə sahəsində də uğurla inkişaf etdiyini bildirən Giya Kavtaradze dedi ki, Bakıya səfərinin əsas məqsədi də Azərbaycanın ədliyyə sistemi ilə əlaqələri daha da genişləndirməkdir.