AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜRCÜSTANIN KƏŞFİYYAT DEPARTAMENTİNİN SƏDRİ BATU KUTELİYANI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Prezident sarayında Gürcüstanın Kəşfiyyat Departamentinin sədri Batu Kuteliyanı qəbul etmişdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən iqtisadi, siyasi və digər sahələrdə əlaqələrin sürətlə inkişaf etməsini məmnunluqla vurğuladı, bu günlərdə Kazanda Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə görüşünü xatırladı. Azərbaycan Prezidenti ölkələrimizin xüsusi xidmət orqanları arasında əlaqələrin genişlənməsinin regionda təhlükəsizliyin təmin edilməsi baxımından da əhəmiyyətli olduğunu bildirdi.
Azərbaycana səfər etməsinin və Prezident İlham Əliyev ilə görüşməsinin özü üçün böyük şərəf olduğunu vurğulayan Batu Kuteliya səfərin başlanğıcından ona göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlıq etdi. Beynəlxalq terrorizmə qarşı mübarizə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardığını söyləyən Batu Kuteliya azərbaycanlı həmkarlarının bu sahədə böyük səriştəsi olduğunu bildirdi və onlarla təcrübə mübadiləsi aparmasının əhəmiyyətini vurğuladı.