RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ BAŞ KATİBİ XURŞİD ƏNVƏRİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Prezident sarayında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Xurşid Ənvəri qəbul etmişdir.
Saxta dərmanlara qarşı mübarizə üzrə beynəlxalq konfransın işində iştirak etmək üçün Bakıya gəldiyini söyləyən Xurşid Ənvər Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda böyük nailiyyətlərin əldə edildiyini vurğuladı, İƏT ilə Azərbaycan arasında əlaqələrin daim genişləndiyini bildirdi. Eyni zamanda, Pakistan-Azərbaycan ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edən qonaq ötən il Pakistanın Baş naziri Şövkət Əzizin Bakıda Prezident İlham Əliyevlə keçirdiyi görüşün bu baxımdan mühüm rol oynadığını dedi. Ermənistanın Azərbaycana təcavüzü məsələsinə toxunan baş katib bu təcavüzün Pakistan xalqı tərəfindən qəti şəkildə pisləndiyini vurğuladı.
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Bakı sammitini məmnunluqla xatırlatdı və həmin vaxt çox uğurlu ikitərəfli görüşlərin keçirildiyini, mühüm məsələlərin müzakirə edildiyini bildirdi. Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu münasibətlərin həqiqi dostluq və qardaşlıq xarakteri daşıdığını söylədi.