AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İRANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Prezident sarayında İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nasir Həmidi Zarenin etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Nasir Həmidi Zare etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Xatirə şəkli çəkdirildikdən sonra Nasir Həmidi Zare ilə söhbət edən Prezident İlham Əliyev bu yüksək işində səfirə uğurlar arzuladı. Dövlətimizin başçısı dedi ki, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir, bütün sahələrdə çox yaxşı əməkdaşlıq var. İstəyirik ki, bu əməkdaşlığı gələcəkdə daha da genişləndirək. Bu baxımdan səfirlərin rolu çox böyükdür və arzu edirəm, bu işdə fəal olasınız.
Səfir Nasir Həmidi Zare etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməsindən böyük şərəf duyduğunu bildirdi və dövlətimizin başçısına İran Prezidenti Mahmud Əhmədinejadın salamlarını çatdırdı. O, Azərbaycanda işlədiyi müddətdə ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə çalışacağını söylədi.
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidentinin salamına görə minnətdarlığını bildirdi və özünün də salamlarını ona çatdırmağı səfirdən xahiş etdi.